Xəzərin çirkləndirilməsinə sərt təpki: “Nə qədər ki, məmurlar qanundan yuxarıda...”

“Nədənsə irəli sürülən təşəbbüslər nəticəsiz qalır. Çünki  məmurlar sadəcə kampaniya  yaradaraq, görüntü xətrinə iş görürlər. Reallıq isə başqadır”



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lənkəran, Astara və Masallı rayonlarının Xəzər sahili ərazilərində növbəti monitorinq keçirib. 
Nazirlikdən  verilən məlumata görə, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. İdarənin əməkdaşı Nərmin Babaşova monitorinqlə bağlı bunları deyib: “Xəzərə axıdılan tullantı sularda çirkləndirici maddələrin miqdarı normadan artıq olub. Aparılan monitorinq zamanı məlum olub ki, Lənkəran rayonu ərazisindəki təmizləyici qurğular istismara yararsız olduğundan tullantı suları təmizləmə prosesi keçmədən sahil zolağına, oradan da dənizə axıdılır. Eyni zamanda, bir çox bələdiyyə ərazilərində formalaşan bərk məişət tullantılarının da təbii axarlara atıldığı aşkar edilib”.

 Monitorinqin nəticəsi ekologiyamızın təhlükə altında olduğu barədə aydın qənaət formalaşdırır.



Vəziyyəti dəyərləndirən AVCİYA Seçki Qərərgahının sədri, tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı “Sherg.az”a söyləyib ki, Xəzərin çirkləndirilməsi həllini gözləyən əsas problemlər sırasındadır: 

“Bu məsələ hələ Sovet vaxtından aktualdır. Ancaq nədənsə irəli sürülən təşəbbüslər nəticəsiz qalır. Çünki  məmurlar sadəcə kampaniya  yaradaraq, görüntü xətrinə iş görürlər. Reallıq isə başqadır. Bir də ki, məncə, dənizi Lənkəran, Masallıdan daha çox Bakı, Sumqayıt kimi sənayə şəhərləri çirkləndirir”.

 M. Zülfüqarlı düşünür ki, problemin həllsiz qalmasının əsas təqsirkarı bəzi məmurlardır:

“Xəzər bizim milli sərvətimizdir. Hamımız onu qorumalıyıq. Əfsuslar olsun ki, bəziləri buna imkan vermir. Təbiətə ziyan vermək Azərbaycan Respublikasının Konstitutsiyası ilə, qanunla tənzimlənir. Amma nə qədər ki, məmurlar qanundan yuxarıda dayanırlar, məsələ həllini tapmayacaq”.