“Görülən işlər xalqın sağlamlığını təmin etmək üçündür” 


“Dövləti tərəfindən koronavirusa  qarşı görülən bütün tədbirləri səmərəli hesab edir və dəstəkləyirik”.

Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

Partiya rəhbəri bildirib ki, görülən işlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür: 

“DADP olaraq siyasi partiyalar arasında koronavirusa qarşı önləyici tədbirlər həyata keçirilməsi təşəbbüsü ilə ilk çıxış etmişik. Koronavirus pandemiyası bütün rəsmi qurumlar və kütləvi təşkilatlarda olduğu kimi bizim də fəaliyyətimizdə və iş rejimimizdə müəyyən dəyişikliklərə səbəb olub. Partiyanın mərkəzi qərargahında hələ ilk günlərdən dezinfeksiya işləri aparılıb. Əməkdaşlarımızın hər birinə gigiyena qaydalarına ciddi surətdə əməl etmələri tapşırılıb. Həmçinin kütləvi tədbirləri və iclasları da təxirə salmışıq. Qəbul günlərini qeyri-müəyyən müddətə dayandırmışıq. Rayon təşkilatlarımızın üzvləri ilə telefon və internet vasitəsilə əlaqə saxlayırıq. Əməkdaşlarımızın əksəriyyətini evə buraxmışıq. Hazırda partiyanın mərkəzi aparatında yalnız bir neçə əməkdaş fəaliyyət göstərir. Bu gündən etibarən isə bütün əməkdaşlarımızı həm koronavirusa qarşı mübarizə çərçivəsində, həm də Novruz bayramı ilə əlaqədar olaraq tətilə buraxırıq. İşlərimizin önəmli bir hissəsini onlayn rejimdə davam etdirəcəyik. Bu mənada hər bir vətəndaş kimi biz DADP-çilər də öz məsuliyyətimizi dərk edirik. Allah xalqımızı və ölkəmizi hər cür xəstəliklərdən, bəlalardan və təbii fəlakətlərdən qorusun. Hər kəsə hüzur və sağlamlıq diləyirik!”.