Səfir: “Birlik, həmrəylik və fədakarlıq göstərmək lazımdır"

"Üç çətin, narahat gün arxada qaldı. Dünən axşam saat 20-də AZAL şirkətinin təyyarəsi fövqəladə vəziyyət elan edilmiş Macarıstandan 123 Azərbaycan vətəndaşını Bakıya apardı". "Sherg.az"ın xəbərinə görə bunu Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev deyib. Səfir bildirib ki, dövlət və hökumət təşkilatlarının operativ reaksiyası həssas münasibəti onu sevindirib:

"Ən çox isə insanlarımızın, xüsusən də gənclərimizin dar ayaqda göstərdikləri birlik və həmrəylik hissinə sevindim. Martın 15-də uçuşa 3 saat qalmış "WİZZ-Air" şirkətinin reysi ləğv olunanda aeroportda bu gecə vətənə yola düşəcəkləri üçün bəlkə son sentlərini də xərcləyən, vizalarının son günündən istifadə edən soydaşlarımız arasında bir çaşqınlıq yaranmışdı. Onları yerləşdirmək, çarter reysi gələnə qədər ən elementar tələblərini qarşılamaq lazım idi. Bu məqamda Budapeştdə təhsil alan tələbələrimiz yardıma qoşdular. Səfirliyin virtual müraciətindən sonra dərhal tanımadıqları həmvətənlərinə yer təklif etdilər, sadə süfrələrini onlarla bölüşdülər. Aralarında kiçik yaşlı uşaqların da olduğu idmançılara imkanımız daxilində daha artıq diqqət yetirməyə çalışdıq".

V.Quliyev hər şeyin yaxşı sonluqla başa çatdığını söyləyib:

"Gənclərimiz göstərdi ki, biz gücük, güclü millətik. Onların hər birinə təşəkkür edirəm. Bu gün 600 nəfərdən çox tələbələrimiz hələ də Macarıstandadır. Onları Səfirliklə daha intensiv əlaqə saxlamağa çağırıram. İnanıram ki, koronavirusa da, torpaqlarımızı işğal altında saxlayana haylara da qalib gələcəyik. Millətimiz çox şeyə qadirdir! Sadəcə hər təsadüfdə belə birlik, həmrəylik, kiçik də olsa fədakarlıq göstərmək lazımdır".