Koronavirus fərdi yox, toplumsal mübarizə tələb edir - Millət vəkili

"Azərbaycan xalqı və dövləti sözün əsil mənasında möhkəm həmrəylik nümayiş etdirməkdədir"


"Koronavirus epidemiyasına qarşı Azərbaycan dövləti tərəfindən təqdirəlayiq önləyici addımlar atılmaqdadır".

"Sherg.az" xəbər verir ki, bunu millət vəkili Elşad Mirbəşiroğlu deyib.



Deputat bildirib ki, məhz bunun nəticəsidir ki, həyata keçirilən preventiv tədbirlər epidemiyanın yayılmasını ciddi şəkildə önləyib: 

"Təkcə ölkə daxilində yox, xaricdəki vətəndaşlarımızın da dövlətin hərtərəfli dəstəyi ilə əhatə olunduğunu müşahidə etməkdəyik. Ölkə rəhbərliyinin göstərişlərinə müvafiq olaraq, xaricdə yaşayan həmvətənlərimizin təhlükəsiz şəkildə ölkəmizə təxliyyəsi həyata keçirilməkdədir. Azərbaycan xalqı və dövləti sözün əsil mənasında möhkəm həmrəylik nümayiş etdirməkdədir. Bu, çox önəmli məqamdır. Çünki bu kimi hallarda milli həmrəylik milli təhlükəsizliyin əsas komponenti rolunda çıxış edir və milli birlik milli gücə çevrilir".

Parlamentari vurğulayıb ki, Prezident İlham Əliyevin koronavirus infeksiyası ilə mübarizədə iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında imzaladığı sərəncam da bu qəbildən olan tədbirlər siyahısındadır: 

"Bu, dünya miqyasında yeni və unikal sosial qayğı nümunəsi kimi dəyərləndirilə bilər. Azərbaycan dövləti həkimlərin fədakarlığını yüksək qiymətləndirməklə infeksiyasının yayılmasına qarşı sistemli və effektiv fəaliyyət həyata keçirdiyini nümayiş etdirdi. Nəzərə alaq ki, tibbi-profilaktik təbirlərin keyfiyyətli və səmərəli şəkildə icra olunması üçün həkimlərin, bütövlükdə tibb personalının sosial rifahının yüksək olması vacib şərtlərdəndir. Dövlət başçısı imzaladığı son sərəncamla bu amilə xüsusi diqqət yetirdiyini göstərmiş oldu".

Millət vəkili bir məqamı qeyd edib ki, koronavirus fərdi yox, toplumsal mübarizə tələb edir: 

"Bu mübarizə çərçivəsində dövlətin bütün prosesləri öz nəzarəti altında saxlaması və lazımi məqamlarda preventiv xarakterli sosial izolyasiya tədbirləri həyata keçirməsi çox vacibdir. Azərbaycan dövləti qlobal pandemiyanın dünyanı cənginə aldığı bir məqamda atdığı real addımlarla bir daha vətəndaşının yanında olduğunu sübut etdi".