Siyasətçidən ÇAĞIRIŞ: “Təşviş və panika olmaz!”

“İnsanlarımızın bu xəstəliyin ciddiliyini anlamaqla yanaşı, həm də yumor hissini itirməməsi də həm psixiloji, həm də bioloji baxımdan faydalıdır”



"Koronavirus infeksiyası dünyanı ağuşuna alıb. Bu xəstəliklə mübarizə artıq ayrı-ayrı ölkələrin məsələsi deyil, ümumdünya problemi halına gəlib".
Bunu "Sherg.az"a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib.
Partiya rəhbəri bildirib ki, bu virus qarşısında inkişaf etmiş ölkələr də aciz qalıb: 

"Odur ki, bizim vətəndaşların bu xəstəliyi ciddiyə almaması doğru addım olmazdı. Əslində deməzdim ki, Azərbaycan vətəndaşları bu virusu tam "iqnor" edir. İnsanlar son zamanlar gigiyenalarına və təmizliklərinə xüsusi diqqət edirlər. Hətta, bəyənməsələr belə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyyə və tapşırıqlarına əməl edirlər. Odur ki, ölkəmizdə şükürlər olsun ki, xəstəliyin yayılma və ziyan səviyyəsi çox deyil".



T.Abbaslı insanlar çağırış edərək bəyan edib ki, ciddi təşvişə düşüb, təşvişin qarşısıalınmaz panikaya çevrilməsinə imkan vermək olmaz: 

"Bu panika ilə ölkədaxili stabillik və nizam pozula bilər. Necə ki, bəzi Avropa ölkələrində olduğu kimi insanlar marketlərə hücum çəkirlər, psixoz vəziyyətdə yaşamlarını sürdürürlər və sair. İnsanlarımızın bu xəstəliyin ciddiliyini anlamaqla yanaşı, həm də yumor hissini itirməməsi də həm psixiloji, həm də bioloji baxımdan faydalıdır. Odur ki, mən koronavirusa bəstələnən mahnıların, meyxanaların, videoroliklərin də əleyhinə deyiləm. Müqəddəs dinimizdə də deyildiyi kimi, hər şeyin ifratı da, təfriti də haramdır. Bizlər üçün məqbul olan qızıl orta ətadır. Yəni hər hadisəyə uyğun adekvat davranış nümayiş etdirilməlidir. Sonda bir daha uca allahdan xalqımızı və dünyanı bu bəladan tezliklə xilas etməsini diləyirəm".