"İlk öncə azyaşlıları tonqalın ətrafında nəzarətsiz qoymaq olmaz"- Təhlükəsizliyə əməl edin!

Ucar sakini Novruz bayramında bayram tonqalında yanıb. Hadisə rayonun Rəstəcə kəndində baş verib.
Kənd sakini, 1998-cu il təvəllüdlü Səkinə Sərdar qızı Həsənova bayram tonqalına yıxılaraq yanıb. Zərərçəkən Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Adətən Novruz bayramında bu cür neqativ hallarla çox rastlaşırıq. Həmçinin azyaşlı uşaqların da bayram tonqalında yanması hallarına rast gəlirik. Adət-ənənələr olsa da, hər kəsin maksimum diqqətli olması vacibdir.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a açıqlamasında bildirib ki, Novruz bayramının əsas atributlarından biri tonqaldır. Tonqalın həm hazırlanmasında, həm də üzərindən tullanarkən diqqətli olmaq gərəkdir:

“Birinci növbədə tonqalı yandıracaq yeri düzgün seçmək lazımdır. Elə bir ərazi olmalıdır ki, həmin ərazi həm insanlar üçün həm də ətrafdakı digər tikili və əmlak üçün təhlükəsiz olsun. Tezalışan materiallar, maşın, elektrik şitləri və evlərə çox yaxın yerləşməsin. Daha sonra tonqalın hündürlüyünə diqqət etmək lazımdır. Tonqalın hündürlüyü 1.5 metrdən hündür olmamalı, asfalt və ya beton örtüyünün üstünə dəmir qoruyucu qoyulmaqla yandırılmalıdır. Bu, həm zəif küləkli havada belə közün ətrafa yayılmasının, həm də asfalt örtüyünün korlanmasının qarşısını alar”.

Ekspertin sözlərinə görə, yandırılacaq oduna da diqqət etmək lazımdır:

“Üzərində boya, əhəng olan, parlaq laklı taxta parçaları, plastmas və kauçukdan olan bəzək əşyaları, rezin, sellofan, maşın şini yandırarkən ondan ayrılan tüstü toksiki xarakter daşıyır və zəhərlənməyə səbəb ola bilir. Əsasən də tonqaldan tullanarkən uşaqlara xüsusi nəzarət etmək və bir- birini gözləmək lazımdır. Əks halda istər böyüklər, istərsə də azyaşlılar bədbəxt hadisələrlə üzləşə bilərlər. İlk öncə azyaşlıları tonqalın ətrafında nəzarətsiz qoymaq olmaz. Tonqalın ətrafında, insanların çox olduğu yerdə uşaqların da olmasını nəzərə alaraq partlayıcılardan, fişənglərdən, pirotexniki vasitələrdən istifadə etmək olmaz. Sonda tonqalı tam söndürmədən , nəzarətsiz qoyaraq getmək çox təhlükəlidir. Odun tam söndüyünə əmin olmaq lazımdır. Əks halda külək odu ətrafa yayar və yaxınlıqda olan yanar materiallar üçün yanğın təhlükəsi yaradar”.

Yeganə Bayramova