"Valideyn övlada, övlad isə valideynə nəzarət etməlidir" - Sabir Rüstəmxanlı 


Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah ölkədə koronavirus riskini minimuma endirmək üçün müxtəlif izolyasiya tədbirləri həyata keçirir.

Verilmiş qərara əsasən mart ayının 29- una kimi rayon qeydiyyatlı vətəndaşların paytaxta giriş- çıxışı qadağan edilib. Amma özünün və ətrafdakıların sağlamlıqlarını təhlükəyə ataraq qərardan boyun qaçıranlar da var. Dünən DYP əməkdaşları sərnişin daşıyan Təcili tibbi yardım maşınlarını saxlayıblar. Bəzi insanların belə hərəkətlərinə məna vermək, həqiqətən, çətindir. Niyə insanlar öz sağlamlıqlarını riskə atsınlar, hökumətin verdiyi qərarlara tabe olmaq istəməsinlər?!
Bu barədə "Sherg.az a danışan Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı belə addımların məsuliyyətsizlikdən irəli gəldiyi qənaətindədir:

"Çünki insanlar öz məsuliyyətlərini başa düşmürlər. Bu cür neqativ halların qarşısını almaq üçün təkcə hüquq mühafizə orqanlarının fəaliyyəti kifayət deyil. Daha vacibi ictimai qınaq və şüurdur. Türkiyənin İstanbul şəhərində yaşı 65-dən çox olanların çölə çıxmasına qadağa qoyublar. Amma yaşlılar qərara qarşı gəlir, istədikləri kimi gəzirlər. Hindistanın şəhərlərində, o cümlədən Bombeydə isə vəziyyət tamam fərqlidir. Əhali verilən tapşırıqlara, tövsiyələrə qeyd-şərtsiz əməl edir".

 S. Rüstəmxanlının fikrincə, əsas çatışmazlıq təşkilatlanmanın olmamasıdır. "Ailə ən kiçik cəmiyyətdir. Evdə valideyn övlada,  övlad isə valideynə nəzarət etməlidir. Sonra müxtəlif qruplardakı insanlar bir- birilərindən məsuliyyəti olmağı tələb etməlidirlər. Bizdə təşkilatlanma zəifdir; kim necə istəyir, elə də davranır. Ona görə də çox zaman səylərimiz nəticəsiz qalır".