Partiya yetkilisi: “Milli müxalifət çətin anda dövlətin yanında olmalıdır”

“Dövlətin daim ayaqda qalması üçün siyasi mövqeyindən asılı olmadan bütün milli qüvvələr dövlət babanın yanında olmalıdır"



"Belə məqamlarda qətiyyən panikaya düşmək lazım deyil".
Bunu "Sherg.az"a açıqlamasında AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli deyib.
Analitik koronavirus və neftin qiymətinin enməsinin dünya üzrə gətirdiyi böhranı diqqətlə izlədiyini söyləyib: 

"Koronavirus həm də bir psixoloji durumdur. Panikaya uymaq qətiyyən olmaz. Guya Çində başlayan bir virus, bu ölkənin yan-yörəsində olan Hindistan, Monqolustan, Laos, Kamboca və s. ölkələrdə yayılmır. Min kilometrlərlə uzaqda olan, əsasən də katolikliyin mərkəzi İtaliya və şiəliyin mərkəzi İranda, özü də yüksək rütbəli dövlət adamlarının arasında yayılıb. Adi qripdən dünyada il ərzində qat-qat çox adam ölür. Mən hələ digər xəstəlikləri demirəm. Koronavirus dünya miqyaslı bir maxinasiyaya oxşayır. Bu məsələdə partiya olaraq çox sakitik. Əhalimizi də sakitliyə çağırırıq".



Partiya funksioneri bəyan edib ki, İsveç, Hollandiya kimi inkişaf etmiş ölkələrdə dövlət müəssisələri, təhsil ocaqları, özəl sektor hətta idman yarışları həmişə olduğu kimi fəalliyyətini davam etdirir: 

"İsveçin elm adamları da təsdiq ediblər ki, koronavirusla bağlı yayılan vahimə, panika virusun özündən daha çox yayılır və daha təhlükəlidir. Odur ki, vahiməyə uymaq, panikaya düşmək qətiyyən olmaz. Neftin qiymətinin düşməsi də çox davam etməyəcək. Neftin qiyməti 50-60 dollar səviyyəsinə qalxacaq. Bu məsələdə də əhalimiz soyuqqanlı olmalıdır. Olan-qalan pulunu tez-tələsik manatdan dollara çevirməməlidir. O ki qaldı müxalifətin bu məqamlarda fəaliyyətinə, milli müxalifət hər zaman olduğu kimi, çətin zamanlarda da dövlətin yanında olmalıdır. Bizdə bəzən hakimiyyət və dövlət məvhumlarını dəyişik salırlar. Dövlətin daim ayaqda qalması üçün siyasi mövqeyindən asılı olmadan bütün milli qüvvələr dövlət babanın yanında olmalıdır".