"Virusa yoluxma riski rütubətli havada daha çox olur" - Pediatr

“Qucaqda və uşaq arabasında olan körpələri müəyyən qədər təmiz havaya çıxarmaq olar"

İlk dəfə Çində yayılan və bu gün bütün dünya ölkələrində kütləvi ölümlərə səbəb olan  koronavirus təhlükəsi  ilə əlaqədar ölkəmizdə bir sıra  zəruri profilaktik tədbirlər həyata keçirilir və maarifləndirmə işləri aparılır. 



Yayılan pandemiyanın uşaqlar üçün nə dərəcədə riskli olub-olmadığını araşdırmaq üçün həkim-pediatr Reyhan Bayramova ilə əlaqə saxladıq. Pediatr isə “Sherg.az” a  müsahibəsində koronavirusların yeni olmadığını sadəcə COVID-19-un  koronavirusun yeni ştammı olduğunu deyib:

“Bu virusla bağlı ən çox narahatlıq yaradan məsələ  onun haqqında informasiya qıtlığı və onun ağır xəstəliyə səbəb olması və pnevmoniyanı inkişaf etdirməsidir.  Bilinən odur ki,  koronavirus da digər qrip növləri kimi hava-damcı yolları ilə – öskürəklə, asqırma ilə insanları yoluxdurur. Həmçinin, gözə, ağıza və buruna çirkli əllə toxunmaq, xəstələrlə sıx əlaqədə olmaq da infeksiyanın yayılmasını kütləviləşdirir. COVID-19-un simptomları yüksək temperatur, öskürək və təngnəfəslikdir, lakin bu xəstəliyin simptomsuz davam etməsini sübut edən faktlar da az deyil. Hətta on xəstədən doqquzunun simptomsuz olması iddia edilir. Bəzi hallarda, daha ağır davam edən  xəstəlik pnevmoniya və yaxud təngnəfəsliyi inkişaf etdirə bilir. Əvvəl dedilər COVID-19-a yoluxan xəstələr arasında simptomların aşkar edilməsi virusla ekspozisiyadan sonra 2-14 gün ərzində baş verir. İndi isə bu müddəton 28 günə qədər uzandığını iddia edirlər. 

- Uşaqlar  COVID-19 xəstəliyinə yoluxurlarmı?

Hər nə qədər uşaqlar bu virusa yoluxmur desələr də, statistika bunun əksini göstərir. Düzdür, qocalar və xroniki xəstəlikləri olan (məsələn, diabet, ürək-qan-damar və respirativ xəstəlikləri və s.) şəxslər yüksək risk altında olsalar da,  koronavirusa yoluxan uşaqlar da var. 
Əslində virus yeni olduğuna görə, hələlik onun uşaqlar və ya hamilələr üçün nə dərəcədə təhlükəli olmasına dair kifayət qədər məlumat yoxdur. Mövcud məlumatlara əsasən, istənilən yaşda şəxslər virusa yoluxa bilərlər, amma uşaqlar arasında yayılma nisbətən aşağıdır. Uşaqlar arasında xəstəliyin fəsadları çox nadirdir. 
Amma  bizim insanlar elementar təmizlik və gigiyena qaydalarına əməl etmirlər. Küçəyə tüpürür, burunlarını silib atırlar. Uşaqların isə özünü müdafiəsi zəifdir. Yolda getdikləri yerdə yıxılır əlləri yerə dəyir, ya hansısa səthdən tuturlar. Sonra da əllərini yumadan ağızlarına, burunlarına vururlar. Bu zaman da onların virusa yoluxma riski böyüyür”. 
Pediatr hesab edir ki,  maksimum dərəcədə uşaqların evdən çıxması məhdudlaşdırılmalıdır: “Qucaqda və uşaq arabasında olan körpə uşaqları müəyyən qədər təmiz havaya çıxarmaq olar. Çünki onların kütlə arasına qarışması, hansısa səthlərə toxunması mümkün deyil. İnsanların az olduğu sakit, yaşıllıq ərazilərdə körpələri gəzdirmək olar. Güclü nəzarət etməklə böyük uşaqları da havaya çıxarmaq olar. Ancaq yaxşı olar ki bu zaman valideynlər uşaqların əlini buraxmasın. Hansısa oturacaqda oturmasına, gördüyü əşyaya əl vurmasına imkan verməsin. Axı biz bilmirik bizdən əvvəl oturacaqda kim əyləşib? Onu da deyim ki, rütubətli havada risk çox olduğu üçün ancaq günəşli havalarda gəzintiyə çıxmaq olar”.