Gürcüstan: “70-dən çox insan koronavirusa tutulub, 5-i azərbaycanlıdır”

"Fövqaladə Qərargah gərəkən addımları atır. Bu, bir bəladır və bundan səfərbər olaraq çıxa bilərik"



"Virusun milləti, dini yoxdur".
"Sherg.az"ın xəbərinə görə bu barədə Gürcüstanın azərbaycanlı deputatı Ruslan Hacıyev deyib.
Soydaşımız son günlərdə koronavirus ətrafında gedən söz-söhbətə öz münasibətini bildirib: 

"Bəzi insanlar bu məqamdan istifadə edərək özlərinin, yaxud yaratdıqları saytın reklamı ilə məşğul olurlar. Dəqiq məlumata malik olmadıqları halda hər hansı bir yazını paylaşırlar. Bir neçə səfeh və axmaq adamın etnik mövzuda yazdıqlarını ciddiyə almayın. Bu mövzularla bağlı hüquq-mühafizə orqanları məlumatlıdır və gərəkən addımları atırlar. 



Biz gürcü qardaşlarımızla birgə təsdiq edirik ki, biz azərbaycanlılar Gürcüstanımızın tam hüquqlu vətəndaşlarıyıq. Gürcüstan bizim ana vətənimizdir. Bu torpaqlarda, gürcü qardaşlarımızla bərabər bizim babalarımız yaşayıb. İndi biz yaşayırıq və bizim balalarımız yaşayacaq. Şad və pis dövrlərdə gürcü və Azərbaycan dostluğu ölkəmizin firavanlıgına təkan və dəstək olub. İnanıram ki, bu vəziyyətdən də birgə şərəflə cıxacağıq".

R.Hacıyevin sözlərinə görə, Gürcüstanda 70-dən yuxarı insan bu virusa tutulub:

"Onlardan təxminən 5 nəfəri milliyətcə azərbaycanlıdır. Ölkədə hökümətin virusa qarşı apardığı mübarizə və tədbirlər, dünya səhiyyə qurumları tərəfindən alqışlanır və müsbət qəbul olunur. Əhalimiz koronavirusla bağlı tam məlumatlıdır. Virusla mübarizədə hakimiyyət, Marneuli və Bolnisi rayon icra orqanları zəruri işləri görürlər. Heç bir narahatlığa ehtiyac yoxdur. Ərzaq və yaxud tibbi ləvazimat qıtlığı yoxdur. Qıtlığın olmaması üçün Fövqaladə Qərargah gərəkən addımları atır. Əzizlərim, bu bir bəladır və bundan səfərbər olaraq çıxa bilərik".