"Koronavirusa qarşı əsl çempion hünəri göstərmək vaxtıdır"- Veteran idman jurnalisti

Oqtay Bayramov:"Ayrı- ayrı mütəxəssislərin məsləhətlərinə çox ciddi şəkildə riayət etmək hər birimizin vətəndaşlıq borcu, əsas vəzifəsidir"



Bir neçə aydır ki, yayılmaqda davam edən koronavirus pandemiyası bütün dünya üçün real təhlükədir. Ayrı- ayrı ölkələrdən hər gün ölüm xəbərləri gəlir. Təəssüf ki, bəzi insanlar hələ də məsələnin ciddiliyini qəbul etmək istəmir, koronavirusa laqeyd  yanaşırlar. Əməkdar jurnalist Oqtay Bayramov "Sherg.az"a açıqlamasında təhlükəyə qalib gəlmək üçün ən vacib məsələnin nizam- intizam olduğunu dedi:

"Bu çətin günlərdə Operativ Qərargahın bütün tövsiyələrinə, ayrı- ayrı mütəxəssislərin məsləhətlərinə çox ciddi şəkildə riayət etmək hər birimizin vətəndaşlıq borcu, əsas vəzifəsidir. Mən 50 ildən də bir qədər çoxdur ki, idman jurnalistikasındayam. Ona görə də yarış meydanlarında qələbələri, medalları ən intizamlı, məşqçilərin tapşırıq və göstərişlərini tam yerinə yetirənlərin qazandıqlarını yaxşı bilirəm.  İndi idman həyatımızı dayandırmış koronavirusa qarşı mübarizədə də əsl çempion hünəri göstərmək vaxtıdır. Deməyim odur ki, hər birimiz bu mübarizədə ən yüksək mədəniyyətimizi, məsuliyyət hissimizi  dərk etməklə, yəni birgə səylə çətin sınaqdan qələbə ilə çıxa bilərik".