YOL BUDUR: “Rəsmi məlumatlara inan və qaydalara əməl et” – Ölümlə oynama!

“Xalq olaraq birlik nümayiş etdirməliyik.Bu təhlükədən həmrəy şəkildə, nizam-intizama riayət edərək xilas ola bilərik”



Koronavirus infeksiyası hələ də öz aktuallığını qoruyur. Sənət dünyası da bu təhlükə qarşısında həmrəy mövqedə dayanır.  İncəsənət xadimləri dövlətin koronavirusla mübarizə yolunda qəbul etdiyi qaydalara əməl edir. Xalqa öz məsləhətlərini çatdırırlar.
"Sherg.az" olaraq  bu məsələ ətrafında tanınmış aktyor, xalq Artisti Nürəddin Mehdixanlı ilə həmsöhbət olduq. Aktyor qeyd etdi ki, xalq koronavirus təhlükəsi ilə soyuqqanlı şəkildə , ağılla mübarizə aparmaq olar:

“Mən də xalqın sıradan nümayəndəsiyəm.  Koronavirus qloballaşan dünyanın qlobal fəlakətidir. Hazırda insanlığı sınağa çəkir. İnsanlar yalnız ağılla, elmlə ,biliklə bu təhlükənin qarşısında dayanıb, bəladan xilas ola bilər. Biz müstəqil respublikanın vətəndaşlarıyıq. Dövlətimizin bu məsələ ilə bağlı təşkil etdiyi Operativ Qərargah var. Həmin orqan nə etmək lazım olduğunu rəsmi və açıq aşkar bəyan edir. Sadəcə olaraq insanlar qəbul edilmiş qaydalara riayət etməlidirlər. Həyatları və əzizləri üçün həmin qaydalara əməl etməlidirlər. Biz də elliklə bu təhlükənin qarşısında birliyimizi göstərərək ondan  xilas olacağıq.Yalnız bu şəkildə qoruna bilərik. Həm də bizim millət olaraq necə toparlanacağımızı göstərəcək. Azərbaycan xalqı müdrikdir. Soyuqqanlı şəkildə, qorxmadan, təşvişə düşmədən bu məsələnin öhdəsindən gələ biləcəyik”.
Xalq artisti onu da bildirdi ki , insanlar sosial şəbəkələrdə yayılan, dünyanın axırının gəldiyini söyləyən təxribat xarakterli, saxta yazılara fikir verməməlidir:
“Yalnız Operativ Qərargahın məlumatlarını oxusunlar. Xarici telekanallarda, sosial şəbəkələrdə gerçəkliyi əks etdirməyən xəbərlər yayımlanır. Düşünürsən ki, bu insanlar hansı əxlaqın sahibidir.Onlar  şeytanın nökərləridirlər, yoxsa insandırlar?! Ona görə şeytana, nökərlərinə deyil ağlımıza, reallığa güvənəcəyik. Dövlətimizin yaratdığı Qərargahın verdiyi rəsmi informasiyalara inanacağıq. Həmin qaydalara əməl edəcəyik.Yolu budur. Xalq olaraq birlik nümayiş etdirməliyik.Bu təhlükədən həmrəy şəkildə, nizam-intizama riayət edərək xilas ola bilərik. Hesab edirəm ki, belə də olacaq. Həyatın sonu deyil. Gözəl günlər qabaqdadır. Gənclik üçün, müstəqil respublikamız üçün həmrəy olmalıyıq. Soyuqqanlı olaraq, ağılla hərəkət edərək qaydalara əməl edəcəyik. Evdə qalmaq lazımdırsa belə də olacaq. Təmiz hava almaq istəyənlər isə insanların az olduğu yerlərə gedə bilərlər. İnsanlar bir yerə toplaşmamalıdırlar. Təcili işləri yoxdursa, ona görə hər gün Bakının küçələrində gəzməyə, ölümlə oynamağa dəyməz. Həyatımız öz əlimizdədir. Ömrümüzə dəyər verməyi bacarsaq, başqalarının həyatını da xilas edə bilərik. Birlikdə  və bütöv olaraq bu fəlakətdən qurtulacağıq.Yaşayacağıq! Yaşamaq da gözəldir! Yaşamaq naminə hər kəs özünə , yaxınlarına, millətimizə qiymət verməlidir.

Samirə Ərəbova