Yüzlərlə məhkum azadlığa buraxıldı: Hüquq müdafiəçisi bu təşəbbüsü alqışlayır


Azərbaycanın bir sıra penitensiar müəssisələrində məhkumların koronavirusun qarşısının alınması məqsədilə vaxtından əvvəl şərti azadlığa buraxılması məsələsinin icrası üçün genişmiqyaslı işlərə başlanılıb.

Bu barədə  İnsan Hüquqlarını Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun nümayəndəsi, İnsan Hüquqları və Qanunun Aliliyi Bürosunun rəhbəri Səid Qocamanlı məlumat verib.

Onun dediyinə görə, mart ayının ortalarında monitorinq qrupu Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktubla müraciət edərək, məhkumların koronavirusa yoluxmadan qorunması üçün bir sıra tədbirlərin görülməsinin məqsədəuyğunluğunu qeyd ediblər.

 Məsələ ilə bağlı "Sherg.az"la fikirlərini bölüşən hüquq müdafiəçisi Əliməmməd Nuriyev bunun çoxdan gözlənildiyini  deyib:

"Azərbaycanda koronavirusa qarşı ciddi tədbirlər görülür, müxtəlif qurumlarda, o cümlədən Ədliyyə Nazirliyində və Penitensiar xidmətdə izolyasiya işləri həyata keçirir. Sözügedən məsələ də belə addımlardan biridir.  Dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə hüququ var var. Məhkumların şərti olaraq azadlığa buraxılması məsələsi xeyli vaxtdır, müzakirə olunurdu. Sadəcə yayılmaqda olan koronavirus pandemiyası bu prosesi sürətləndirdi və daha genişmiqyaslı tətbiqinə şərait yaratdı. Onlayn iş rejimi prosedur qaydaların daha tez yerinə yetirilməsinə və çevik qərarların verilməsilə nəticələnir. Nəzərə çatdırım ki, bu günə kimi 200 məhbus şərti olaraq azadlığa buraxılıb və ya məhkumluq rejimləri yüngülləşdirilib. Ancaq bu proses davam etməkdədir. Növbəti günlərdə biz daha çox məhbusun azadlığa buraxılmasının şahidi olacağıq".

Onun sözlərinə görə, məhkumların şərti olaraq azadlığa buraxılması həm də izolyasiya əhəmiyyətlidir:

"Düzdür, məhkumlar ətraf- aləmdən tamamilə tədric olunublar. Eyni zamanda onlarla görüşmək istəyən hər kəs yoxlanılır. Bununla belə virusa yoluxma riskini daha da azaltmaq üçün məhbusların sayının azaldılması məqsədəuyğundur. Bildiyiniz kimi, bu virus kütləvi yerlərdə daha çox yayılır".


Ə. Nuriyev məhbusların şərti olaraq azadlığa buraxılmasının digər əhəmiyyətlərindən də danışdı:

"Azadlığa buraxılan məhbuslar mütləq koronavirusla bağlı maarifləndirilirlər. Yəni azadlığa buraxılmaq o demək deyil ki, kütləvi yerlərdə toplaşmağa icazə verilir. Əksinə, evdə qalmaq, ailə ilə vaxt keçirmək lazımdır. İkinci bir tərəfdən, bu, məhbusun ailə üzvləri üçün müsbət psixoloji təsirdir. Belə ki, koronavirusla mübarizə üçün lazım olan əsas məqamlardan biri də nikbinlik və optimizmdir. Eyni zamanda həm də digər məhbuslara stimul verilir. Nəzərə çatdırım ki, cəza müddəti az qalanların, həmçinin yaşlıların şərti olaraq azadlığa buraxılması adətən mübahisəsiz həyata keçirilir".