"Evdə oturmaq xəstəliyə yoluxmamaya zəmanət verən ən optimal yoldur" - Ekspert

"İndinin ən aktual şüarı "Evdə qal" devizidir".

Bunu "Sherg.az"a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, bu şüar hər birimiz üçün həyati önəm kəsb edir: 

"Evdə oturmaq xəstəliyə yoluxmamaya zəmanət verən ən optimal yoldur. Bütün dünyanı koronavirus bəlası bürüyüb. Hər bir ölkə buna qarşı müəyyən tədbirlər görür. Xəstəliyə qarşı tədbir görməyi gecikdirən ölkələr təhlükəni gizlətməyə çalışsalar da, ölümlərin artmasının qarşısını ala bilmədilər. Azərbaycanda isə dövlət başçısının rəhbərliyi altında görülən mühüm tədbirlər və çevik siyasət nəticəsində virusun fəsadları minimuma endi. Ölkəmizdəki vəziyyəti digər dövlətlərlə müqayisə etsək fərqi aydın görərik. Ancaq virusla mübarizə davam edir". 

Politoloq vurğulayıb ki, burada vətəndaş məsuliyyəti də vacib rol oynayır: 

"Əfsuslar olsun ki, bəzi adamlar qeyri-iş günlərini və karantini tətil kimi dəyərləndirirlər. Yəni insanlar bir-birinə qonaq gedir, küçələrdə sərbəst gəzirlər. Bütün bunlar virusla mübarizəyə mane olan amillərdir".