Tibbi maskadan sonra spirt: Artıq özümüz istehsal edəcəyik


"Altı yeni tibbi spirt istehsalçısı fəaliyyətini həyata keçirir, yəni başlayıblar”.

Bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, hazırda çeşidlər olaraq 100, 250, 500 milli litr, 1 və 5 litr həcmində istehsal olunur:

“İstehsal respublikada bütün ehtiyacı ödəyəcək qədərdir. Bu gün 96 faizli spirt qalığının həcmi ölkədə 1,5 milyon litrdir. Gündəlik ehtiyaclar isə ölkənin bütün ehtiyaclarını bir neçə dəfə ödəmək imkanındadır”.

İqtisadçı - ekspert, millət vəkili Vüqar Bayramov "Sherg.az" a açıqlamasında bunun vaxtında verilmiş bir qərar olduğunu deyir:

"Azərbaycan məsələyə çox çevik reaksiya göstərdi. Məlum olduğu kimi, indi təkcə Azərbaycanda yox, bütün dünyada tibbi maskaya və spirtə tələbat çoxalıb. Ölkəmiz bu tələbatı ödəmək iqtidarındadır. Şübhəsiz ki, ilk növbədə daxili tələbat yerli istehsal hesabına təmin ediləcək. Bu, özü müsbət nəticədir. Növbəti mərhələdə isə biz xarici ölkələrə spirt ixrac edə biləcəyik. Yəni spirt istehsalı müasir dövrün tələblərinə uyğundur".