"Prezident real işlərə  böyük önəm verir və öz vətəndaşının yanında durur" - Partiya sədri alqışlayır

"Bir daha demək istəyirəm ki, dövlət tərəfindən görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq. Ancaq, eyni zamanda, hər bir vətəndaş bilməlidir və Avropanın aparıcı ölkələrinin təcrübəsi göstərir ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq".

Bunu Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq: "Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz xalq tərəfindən həmişə dəstəklənib və bu dəstəyi biz bu gün də görürük. Vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Xahiş edirik, məsuliyyətli olun, öz yaxınlarınıza arxa olun, dayaq olun, yaşlı nəslin nümayəndələrinə arxa olun, onları qoruyun, özünüzü qoruyun, uşaqlarınızı qoruyun. Dünən xüsusi karantin rejimi tətbiq edilib, buna əməl edin. Mən əminəm ki, həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk. Biz birlikdə güclüyük".

Ölkə rəhbərinin müsahibəsi ilə bağlı "Sherg.az"a danışan Demokratik Azərbaycan Dünyası Partiyasının rəhbəri Əlisahib Hüseynov deyib ki, dövlət başçısı bir çox önəmli məqamlara toxunub. 

Partiya sədrinin sözlərinə görə, Prezifentin vətəndaşlarımızı milli birliyə, həmrəyliyə çağırış etməsi və bu problemdən yalnız milli birlik sayəsində xilas olmağın mümkünlüyünü vurğulaması xüsusilə təqdirə layiqdir: 

"Mən Prezidentin çıxışında toxunduğu xalq-iqtidar birliyi məsələsinin üzərində xüsusilə dayanmaq istəyərdim. Prezidentin fikirləri göstərir ki, o, qlobal təhlükələrə qarşı mübarizədə xalqla iqtidarın birliyinin nə qədər böyük əhəmiyyətə malik olduğunu çox düzgün dəyərləndirir. Prezident hamımızı milli birliyə, həmrəyliyə çağırdı. Biz də bu çağırışa qoşuluruq və Prezidentin "Biz birlikdə güclüyük” şüarını dəstəkləyirik. Eyni zamanda istər Prezidentin özü, istərsə də Birinci Vitse-prezident öz çağırışları, bu istiqamətdə real, əməli addımlar atmaqla hər kəsə müsbət nümunə göstərirlər. Koronavirusa qarşı mübarizə üçün dövlət başçısının və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanin 1 illik əməkhaqqlarını Koronavirusla Mübarizə Fonduna ianə etmələri, həmçinin büdcədən 1 milyard manatın ayrılması da dövlət qayğısının əyani təsdiqidir".

Ə.Hüseynov vurğulayıb ki, dövlət başçısının pandemiyaya qarşı mübarizəni şəxsən özünün diqqət mərkəzində saxlaması və bu istiqamətdə görülən işlərlə bağlı tez-tez çıxış etməsi cəmiyyət üçün çox önəmlidir: 

"Prezidentin bu addımları cəmiyyət tərəfindən də müsbət qarşılanır. Sözün açığı, bu gün dünyanın əksər ölkələrinin dövlət başçıları, baş nazirləri koronavirusla əlaqədar brifinqlər keçirir, televiziya və ya sosial şəbəkələr üzərindən vətəndaşlara müraciətlər edirlər. Lakin bu çıxışların, müraciətlərin əksəriyyəti sadəcə görüntü xarakteri daşıyır. Hətta özünü piar etmək məqsədini güdən dövlət və hökumət başçılarına da rast gəlirik. Lakin Azərbaycan Prezidentinin son həftələrdə koronavirus pandemiyasına qarşı mübarizəsində atdığı ardıcıl addımlar, verdiyi tapşırıqlar, görülən sistematik işlər bir daha onu göstərir ki, cənab İlham Əliyev real iş görülməsinə böyük önəm verir və öz vətəndaşının yanında durur. Ölkə rəhbərin Azərbaycanın bu qlobal bəladan mümkün qədər az itkilərlə qurtulması üçün çarələr, yollar axtarır. Prezidentin bu mövqeyi və bu davranışı həqiqətən də alqışlanmalıdır".