Türkoloq-alim: "Elmdə kəmiyyətdən keyfiyyətə keçmək məsələsini kökündən həll etmək lazımdır"

""Yuxarıdan nə deyirlər, nə yazırlar" düşüncəsi ilə hərəkət etməyə son verilməlidir"

Martın 27-si, yəni bugün Azərbaycanda Elm Günüdür. Bu əlamətdar gün Prezient İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilib. Ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir.

Elm gününün önəmi və Azərbaycanda elmin problemlərindən "Sherg.az"a danışan türkoloq-alim, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli deyib ki, elmdə kəmiyyətdən keyfiyyətə keçmək məsələsini kökündən həll etmək lazımdır: 

"Nə zamana qədər təsadüfi adamlar elm sahəsində olacaq, üstəlik layiq olmadıqları vəzifələri və elmi adları daşıyacaqlar, elmin inkişafı da problem olaraq qalacaq. Ona görə də, elmdə keyfiyyətə üstünlük verilməlidir. Təsadüfi adamlar elmdə azlıq təşkil etməlidir. Digər tərəfdən kəmiyyətdən keyfiyyətə keçməklə yanaşı, alimlərin məvacib məsələsi də həll edilməlidir. Alim elmlə məşğul olmaq üçün normal maaş almalı, bütün enerji və biliyini elmə sərf etməlidir".

F.Ələkbərlinin sözlərinə görə, elmdə göstəriş minimuma endirilməlidir: 

""Yuxarıdan nə deyirlər, nə yazırlar"düşüncəsi ilə hərəkət etməyə son verilməlidir. Əlbəttə, milli məsələlərdə həssas olmaq lazımdır. Ancaq bu kor-koranə deyil, milli maraqlara və obyektivliyə uyğun olaraq həyata keçirilməlidir. Hər şeyə rəğmən Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra elm sahəsində müəyyən uğurlar olub. Lakin  taftalogiyadan və sovet metodologiyasından qurtulmaqda problemlər var. Ümid edirəm ki, bu məsələlər də qısa müddətdə öz həllini tapacaq. Bizim, elmdə ancaq bir metodologiyamız olmalıdır:  - milli metodologiya və obyektivlik".