Dünyada koronavirusa yoluxanların sayı 509 mini keçib

  Dünyada ümumilikdə 509 164 koronavirusa yoluxma halı və 23 335 ölüm faktı qeydə alınıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yayılan gündəlik bülletendə bildirilib.
Statistik göstəricilərə görə, virusa yoluxanların sayı gün ərzində 46 min nəfərdən çox, ölənlərin sayı 2501 nəfər artıb. Yoluxma hallarının və ölüm faktlarının çoxu Avropada qeydə alınıb – 286 697 yoluxma və 16 105 ölüm. Gün ərzində burada yoluxanların sayı 36 414, ölüm halları isə 2155 nəfər artıb.

İkinci yerdə Çin, Koreya Respublikası və Yaponiyanı əhatə edən Qərbi Sakit Okean bölgəsi var. Martın 27-nə olan məlumata görə, burada 100 018 yoluxma və 3567 ölüm faktı qeydə alınıb. Üçüncü yeri Cənubi və Şimali Amerika tutur, burada cəmi 81 137 nəfər koronavirusa yoluxub, 1176 nəfər ölüb. Daha iki ölkədə koronavirus aşkar olunub.