İlahiyyatçı: “Dində dövləti dinləmək vacibdir” – Çağırışlara əməl edək! 

"İstənilən məsələdə dövlətin çağırışına əməl etmək hər bir vətəndaşın borcudur". 
Bunu "Sherg.az"a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov deyib.
İlahiyyatçı bildirib ki, kimsə fərd olaraq virusun təhlükəli epidemiya olmadığı qənaətinə gələ bilər. Amma şəxsi yanaşması ilə toplumu yanlış yönləndirə bilməz: 




"Heç kim kütlə içində təbliğat apararaq dövlətin həyati əhəmiyyət kəsb edən çağırışlarına qarşı gəlməməlidir. Dinimiz hər bir halda dövlət və xalqla birgə olmağı tövsiyə edir. Dövləti dinləmək vacibdir. "Qurani Kərim"in Nisa surəsinin 59-cu ayəsində buyurur ki, "Ey iman edənlər, Allaha və elçisinə və aranızda seçilən əmr sahibinə (idarəçilərə - red) itaət edin".
Yəni dinimizə görə  ölkəni idarə edənlər əmr sahibidir və onların təlimatlarını dinləmək mütləq şəkildə vacibdir. Deyilənlərə əməl etsək, Allahın izni ilə bu bəla tezliklə başımızdan dəf olar, həm biz, həm də digər millətlər rifahlarına qovuşar".