İlahiyyatçı: “Həmrəylik hər bir vətəndaşın borcudur" – Qaydalara əməl edək!


"Cəmiyyətimizdə bərabərlik və həmrəylik göstərmək hər bir vətəndaşın borcudur".
Bunu "Sherg.az"a açıqlamasında ilahiyyatçı-alim Hacı Atif İsmayılov deyib. 
Ekspert bildirib ki, buna əməl etmək vətəndaşlıq borcu kimi hamıya vacibdir: 

"Dünyanın hər yerində bu cür xəstəliklərə qarşı mübarizə və müqavimət göstərmək tək dövlət strukturlarının işi deyil. Cəmiyyət bütün halında, dövlətlə bərabər öz dəstəyini verməlidir. Unutmayaq ki, hər bir dövlət və xalqı onun yaşadığı cəmiyyət təmsil edir. Həmçinin, şəriət və din baxımından da zərərin dəf olunması və qarşısının alınması zəruri sayılır". 

İlahiyyatçıya görə, bugün hər bir fərd deyilənlərə sözsüz əməl etməlidir: 

"Təhlükə varsa, onun qarşısının alınması istiqamətində hamı çalışmalıdır. Allah xalqımızı bu bəladan qorusun".

Qeyd edək ki, Prezident İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında bildirib ki, məsuliyyət hissi bu gün sərgilədiyimiz həmrəylik və birlik hisslərinin səviyyəsinə qalxmalıdır: "İndi görün Avropanın inkişaf etmiş ölkələrində nələr baş verir. Orada 2 nəfərdən çox adam bir yerə yığışa bilməz. Əgər polis işçiləri onu görürlərsə, dərhal ölçü götürürlər. Heç yalvar-yapış etmirlər, ölçü götürürlər. Ona görə bizdə hər bir kəsdə məsuliyyət hissi olmalıdır". Ölkə rəhbəri bəyan edib ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir: 
"Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın”.