“Bizim kimsənin taleyi ilə oynamaq ixtiyarımız yoxdur” - AÇIQLAMA

Seymur Əliyev: “Koronavirusa qarşı apardığımız mübarizənin nəticəsi bizim birliyimizdən və məsuliyyətimizdən asılıdır”



“Anlamalıyıq ki, bizim başqa, alternativ xilas yolumuz yoxdur”.
Bunu "Sherg.az"a açıqlamasında "Moderator.az" saytının redaktoru Seymur Əliyev deyib.
Tanınmış jurnalist bildirib ki, koronavirus təhlükəsi hər birimizdən hədsiz dərəcədə məsuliyyətli olmağı, təhlükəsizlik tədbirlərinə ciddi şəkildə əməl etməyi tələb edir: 

"Bu gün dünyanın inkişaf etmiş səhiyyə sisteminə malik ölkələrində belə koronavirusun böyük itkilərə səbəb olması, bu xəstəliyin nə qədər təhlükəli olduğunu göstərir. Sevindiricidir ki, Azərbaycan koronavirus təhlükəsi ilə bağlı erkən tədbir alan dövlətlərdən biridir. Lakin bu uğurlu başlanğıcı sona qədər davam etdrimək üçün karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etmək, dövlətin, ölkə başçısının ətrafında sıx birləşmək, xəbərdaredici çağırışlara əməl etmək lazımdır".

Redaktora görə, dünyada baş verən proseslərin təhlili göstərir ki, koronavirus onun mövcudluğuna, ölümcül gücünə inanıb-inanamadığından asılı olmayaraq hər kəs üçün təhlükəlidir: 

"Kiminsə koronavirusa, onun məhvedici qabiliyyətinə inanmaması onu bu xəstəlikdən sığortalamır. Əksinə, bu gün məlum xəstəliklə bağlı dövlətin vətəndaşlara ünvanladığı xəbərdarlıq və çağırışıları ciddiyə almayan şəxslər heç bir önləm almadığı üçün  bu xəstəliyə daha tez tutulur. Bu, həmin şəxslərlə yanaşı, onların ünsiyyətdə olduğu çevrənin sağlamlığını da ciddi təhlükə altında qoyur. Buna görə də, hər kəs bu məsələdə son dərəcə həssas və duyarlı davranmalı, özünün və doğmalarının həyatını riskə qoymamalıdır".

S.Əliyev vurğulayıb ki, bu gün biz özümüzlə yanaşı, bütün doğmalarımızın, dostlarımızın, qonşularımızın həyatı üçün məsuliyyət daşıyırıq: 

"Bizim kimsənin taleyi ilə oynamaq ixtiyarımız yoxdur. Bu səbəbdən də koronavirusdan müdafiə üçün əlaqədar qurumların tövsiyyə və tələblərinə dəqiq əməl etməli, özümüzü və özgələrini laqeydliyimizin qurbanına çevirməməliyik. Bu gün dövlət və xalq olaraq koronavirusa qarşı apardığımız mübarizənin nəticəsi bizim birliyimizdən və məsuliyyətimizdən asılıdır. Bizim başqa, alternativ xilas yolumuz yoxdur”.