Xalq artisti dezinformasiya yayanları kəskin qınadı: “Ən böyük pandemiya elə onlardır”

Firəngiz Mütəllimova:“Yanlış xəbər yayanları yerindəcə cəzalandırmaq lazımdır” 

“Sadəcə Prezidentimizin, səlahiyyətli şəxslərin  çağırışlarına qulaq asmalıyıq.  Evdə olaq , sağlam qalaq!” 


Azərbaycanda koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri davam edir. Əhali qaydalara riayət edərək  dövlətə dəstək olmağa çalışır. İncəsənət xadimləri də çağırışları ilə milləti həmrəy olmağa, birgə hərəkət etməyə səsləyir. 


Biz də  "Sherg.az" olaraq tanınmış sənətkarların müraciətlərini xalqa çatdırmağa davam edirik. Budəfəki müsahibimiz  sevilən aktrisa, xalq artisti Firəngiz Mütəllimovadır:

 -Koronavirus infeksiyasından necə qorunursunuz ?

-Bütün qaydalara əməl edərək, evdən çıxmıram. Baxmayaraq ki, 65 yaşdan yuxarı insanlar üçün qərar qəbul olunub. Amma hər kəsə şamil olunur. Çünki  bu pandemiyadan  bütün dünya əziyyət çəkir. Ona görə də  hər işə dəqiqliklə yanaşmalıyıq.Təmizliyə riayət etməliyik.Qaydalara əməl etməliyik.

-Xalqımıza nə məsləhət görürsünüz?

- Sənətci olaraq,  Azərbaycan xalqına müraciətim odur ki ,  evdə qalaq. Bu virusun öhdəsindən az zərərlə gələk. Ancaq  dua edirəm.  Bilmirəm nə edim. 

- Karantinlə əlaqədər olaraq teatrlar da fəaliyyətini dayandırıb...

-Akademik milli dram teatrı  “online” şəkildə hər axşam tamaşaları nümayiş etdirəcək. İzləyicilər evdə oturaraq hər axşam tamaşa izləyə biləcəklər. Teatr həmişə tamaşaçılara məxsus olub. Onlar üçün çalışmışıq.  Bu çətin vəziyyətdə əlbir olmalıyıq. Hamı sevdiklərini evdən çıxmağa qoymamalıdır. Biraz səbr və dözüm lazımdır. Allahın köməkliyi ilə bu bəlanın öhdəsində gələrik. 

- Tamaşaların “online” nümayişi effekt verirmi? 

-Bəli , tamaşalarımızın  çəkilişləri var. Direktorumuz  Azərpaşa Nemətov qərar verib. Hər gün bir tamaşa, sanki, teatra gəlmişlər kimi  nümayiş etdiriləcək. Teatr sevərlər, darıxanlar izləyə biləcəklər. Bir də görürsüz televiziyada axtarırıq tapa bilmirik. Elə filmlər olur ki , daha da həyəcanlanırıq, baxmaq istəmirik.  Amma teatr elədir ki,  klassiklər, müasir əsərlər var. Şükür Allaha repertuarımız zəngindir. Əlimizdən gələni edirik. Sənət adamları olaraq borcumuzdur. 

-Dövlətimizin təxirəsalınmaz tədbirlərini necə dəyərləndirirsiniz? 

-Prezidentimizə, həkimlərimizə təşəkkürlərimi bildirirəm. Vaxtında üstünə düşdülər. Sadəcə Prezidentimizin, səlahiyyətli şəxslərin  çağırışlarına qulaq asmalıyıq.  Evdə olaq , sağlam qalaq!. 

 - Digər ölkələrdə də vəziyyət gərgindir...

-Dünyadakı gedişata baxıram.Hər gün izləyirəm. “Real TV”yə təşəkkür edirəm. Operativ işləyirlər. Gecə 3də də açsan yayındadırlar. Düzdür, indi iş yoxdur deyə günləri də qarışdırmışıq.  Serial çəkilişləri də dayanıb. Elə bil həyatımız  donub.

-Belə həssas və gərgin məqamda dezinformasiya və təşviş yaradacaq şayiələr yayanlara da rast gəlinir. Onlara nə tövsiyə  edərdiniz? 

- O  qədər xəstə, yaşlı insanlar var. Hər yalan xəbər bir insanın həyatını məhv edə bilər. Həmin davranışları pisləyirəm. Çətin günlərdə görürsüz ki, hələ də bir- birlərinə tıkanlı sözlər yazan, qəlb qıran insanlar var. Bilmirəm nə vaxt düzələcəklər. Ən böyük pandemiya həmin şəxslərdir.  Hamı bir- birini əzizləməlidir. Pozitiv olmalıdırlar. Bu da bir imtahandır, dözməliyik. Yanlış xəbər yayanları yerindəcə cəzalandırmaq lazımdır. 

-Operativ Qərargahın qərarları haqqında nə düşünürsünüz?

-Hazırda nə tapşırıq verirlər ,  addımlar atırlarsa hamsını dəstəkləyirəm. Hər qanunun tərəfdarıyam. Çünki hər tədbir  bizim sağlamlığımız üçündür, sağlamlığımız naminədir.

-Evdə vaxt necə keçir?

-Kitablarımı yerləşdirirəm. Demək olar ki aşpaz olacam. Cürbəcür yeməklər bişirirəm. Televizyada  gündəlik xəbərləri izləyirəm.Sosial şəbəkələrdən məlumatlanıram. Normal   şəkildə vaxt keçir.  Sənət yoldaşlarımla telefonla danışıram.  

-Sosial şəbəkədə canlı yayımlar açmaq fikriniz varmı?

-Hələ  canlı yayım açmamışam. Amma yəqin onu da edəcəm. 

-“Online” layihə etmək barədə düşünmüsünüzmü ?

 -Xeyir ,ancaq dərdləşə bilərəm. Pozitiv enerji ötürərəm. Elə fikrim yoxdur. Çünki o ab- havada deyiləm. Kim  edirsə, Allah  can sağlığı versin. Bunlar da lazımdır. Mən də izləyirəm. Çalışıram ki, daha çox pozitiv videolara baxım.  

-Son olaraq tövsiyələriniz maraqlıdır...

-Əllərimizi, bədənimizi təmiz saxlayaq. Qanunlara əməl edək. Həkimlərin sözlərinə diqqətlə qulaq asaq. “Boş şeydir” deyib keçməyək. Çünki elə deyil. Ciddi məsələdir. İndiyə qədər  Yer kürəsi belə bəla ilə rastlaşmamışdı. Ona görə də qaydalara riayət edək...