"Dövlət vətəndaşları kommunal ödəmələrdən bir neçə ay azad edə bilər" - İqtisadçı-ekspert


"Dövlət bütün kommunal ödənişlərə güzəşt tətbiq edə bilər".

Bunu "Sherg.az"a açıqlamasında iqtisadçı-ekspert, hüquqşünas Əkrəm Həsənov deyib.

Ekspert bildirib ki, işıq, qaz, su və digər kommunal xərclər vətəndaşlardan bir müddət alınmaya bilər: 

"Bu ödənişlər dövlət qurumlarına ödənilir. Dövlət vətəndaşları kommunal ödəmələrdən  bir neçə ay azad edə bilər. Digər güzəştlər isə daha çox sahibkarlara aiddir. Sahibkarlara vergi güzəştləri olmalıdır. Çünki hazırda orta və kiçik sahibkarlar demək olar ki, işləmirlər. Ancaq buna rəğmən həmin şirkətlər işçilərinin maaşını ödəyir və onları ixtisar etmirlər. Məvaciblərin ödənilməsi əmək müqavilələrinə əsasən həyata keçirildiyi üçün vergi güzəştləri şərt olur. Burada söhbət gəlir və ya mənfəət vergisindən gedir".

İqtisadçının fikrincə, digər məsələ isə bank ödənişləri ilə bağlıdır: 

"Bank ödənişləri həm adi vətəndaşları, həm də sahibkarları maraqlandıran məsələdir. Lakin bu güzəştləri bankların hesabına etmək mümkün deyil. Çünki bankların da öz öhdəlikləri var. Banklar əmanətləri üzrə faiz ödəməlir. Bu işdə dövlət banklara kömək edə bilər. Yalnız o halda banklar sahibkarlardan və vətəndaşlardan faiz ödənişləri tələb etməzlər. Əlbəttə ki, bunun üçün dövlət xeyli vəsait ayırmalıdır".