Maska və əlcəklər əhaliyə təmənnasız paylanmalıdır - Hamı eyni dərddən gileylənir  


Dünyanı dəyişmək istəyiriksə, ilk əvvəl özümüzdən başlamayıq...

İctimai xadim Azər Allahverənov apteklərdə maska çatışmazlığı ilə bağlı status paylaşıb. O yazır:

“Reyd keçirib vətəndaşlardan maska və əlçəyin istifadəsini tələb ediriksə, öncə apteklərdə bu vasitələrin satışını təmin etməliyik”.

A.Allahverənov statusuna bu cümlələri əlavə edib:

“Əsas niyyətimiz ümumi maraqlarımıza cavab verəcək yanaşmanın bərqərar olmasıdır. Məsələn, mən dünən bir neçə aptekdə oldum. Əksəriyyəti bir ağızdan dedi ki, neçə gündür maska almırıq. Yalnız depo dediyimiz aptekin ikisində dedilər ki, günə 50 maska almışıq ki, o da bizim personal gündəlik istifadəsi üçündür. Deməli, apteklərə maska təchizatını təmin etmək lazımdır. Bunun necə etmək olarsa, artıq onun üzərində aidiyyəti strukturlar düşünməlidir. Yəni əsl niyyətimiz yanaşmanın dəyişməsinə nail olmaqdır. Kimisə tənqid etmək yox... Xahiş edirəm, şərh yazarkən bu nüansa fikir verin.  Dünyanı dəyişmək istəyiriksə, ilk əvvəl özümüzdən başlamalıyıq...

“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduğolu da eyni mövzulu status paylaşaraq maska və əlcəklərin əhaliyə təmənnasız paylanmalı olduğunu yazıb:  

“Təhlükənin real olduğu ölkələrdə maska və əlçək pulsuzdur. Bizdə isə tapılmır, tapanda da öz qiymətindən dəfələrə baha. Buna bir nəzarət olmalı deyilmi? Dövlət dəllalların qarşısını almaq üçün təhlükədən qorunmağın ilkin vasitələri ilə əhalini təmin etməlidir. Yəni, qeyd etdiyim kimi, əlçək, maska pulsuz olmalıdır.
Küçələr yuyulur, dezinfeksiya olunur, bu gün işə gələndə gördüm, “İnqilab” (keçmiş) küçəsində idilər, daha öncə mərkəzdə görmüşdüm. Bunlar çox yaxşı, amma mənzilləri döyüb 3 manat verin sizin bloku da dezinfeksiya edək, deyənləri cəzalandırmaq lazımdır. Rayonlar arası postlar yeni rüşvət mənbəyinə çevrilməli deyil. Dövlət bütün diqqətini xəstələnənlərə yönəldib. Xəstəliyin vüsət almasına imkan vermək istəmir. Bu əlbəttə təqdirəlayiq haldır. Bəs xəstələnməyənlər neçə yaşasınlar? Özəl təşkilatlar necə ayaq üstə durmalıdırlar? Aylıq aldığı maaşla yaşayan insanlar evdən çıxmasa aç qalacaq. Bunlara qayğı lazımdırmı?”