Vərəm Əleyhinə Dispanserin baş həkimi: Hər evdən çıxmaq ölüm deməkdir


Hava-damcı yolu ilə insanların yoluxduqları xəstəliklər həyat üçün təhlükəli olur. Xüsusilə də, bu gün yeni növ koronavirus insanlarımızın, cəmiyyətimizin sağlamlığına çox böyük təhdiddir. Ona görə də, vətəndaşlarımız maksimum qaydada diqqətli olmalı, karantin qanunlarına riayət etməli, özləri, ailələri və cəmiyyətimiz qarşısında məsuliyyətlətini dərk etməlidirlər.

Bunu Trend-ə 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, bəlkə də elə insanlar ola bilər yoluxucu-infeksion xəstəliklə mübarizənin mahiyyətini səthi anlasınlar. Amma bir virus hava-damcı yolu ilə insana yoluxursa, hətta gözlərdən belə yoluxma baş verirsə, demək ki, hansı təhlükə ilə qarşı-qarşıya durduğumuzu bir daha başa düşmək lazımdır. Qırx ildir vərəm sahəsində çalışan həkim kimi bu cür virusların, xəstəliklərin nə qədər təhlükəli və təhdid olduğunu çox yaxşı anlayıram:

“Proseslərin təhlili onu göstərir ki, koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər. Çünki ölkə və vətəndaşlar real təhkükə mərhələsinə qədəm qoyub. Yoluxma və ölümlərin sayı artır, bundan sonra da çoxalacağı ehtimal olunur. Ona görə də, hər bir insan özünü və ətrafını qorumalıdır. Hər kəs bilməlidir ki, hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir. Hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir. Bir həkim olaraq hər bir vətəndaşımızdan xahiş edirəm ki, ehtiyac olmadığı təqdirdə evdən çıxmasınlar, karantin qaydalarına əməl etsinlər. Bu ümumbəşəri bəladan xilas olmağın yolu evdə qalmaqdır, qorunmaqdır”.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət martın 31-dən 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.