Koronavirus xəstələrini müalicə edən azərbaycanlı həkim: 96 yaşlı kişi və xanımı dedi ki, bizi... - MÜSAHİBƏ

Son günlərin qorxulu yuxusu COVID-19 virusu dünyanın kabusuna çevrilib. Belə ağır günlərdə Avropada yaşayan tibb işçilərimizin də təcrübəsini paylaşmaq, həmvətənlərimizi maarifləndirmək üçün informasiya xarakterli müsahibələr edirik.

Publika.az-ın müsahibi Belçika Niderland Krallığının koordinasiya şurasının üzvü, həkim-terapevt Kəmalə Ceylinovadır.


- Kəmalə xanım, Niderlandda korona təbili nə vaxt çalınmağa başlandı?

- 21 ildir ki, Niderland Krallığında səhiyyə sahəsində çalışdığım üçün ailəmi daha tez təcrid etmək qərarı aldım. Hələ hökumət heç bir qərar çıxarmamışdı. Parlamentdə debatlar gedirdi. Mart ayının 11-dən övladlarımı məktəbə göndərmədim. Ayın 14-dən sonra isə qərar çıxdı ki, bütün məktəb və bağçalar bir müddətlik bağlanacaq. Bu təhlükəyə qədər də yaşlı nəsillə çalışdığım üçün gigiyenik vasitələrdən həmişə istifadə etmişəm. Durumun ciddiliyinin də fərqinə daha tez vardım. Lakin ilk həftələrdə Niderland əhalisi italyanlar kimi karantin sözünü tətillə qarışdırıb, parklara, əyləncə məkanlarına gəzməyə getdilər. Məsələnin kritik olduğunu ciddiyə almırdılar. Hətta burada yaşayan əcnəbilər yerli sakinlərdən daha həssas yanaşırdılar. Lakin ötən həftə hər kəs panikaya düşüb evinə qapandı.

- Səhiyyə işçiləri bu rahatlıqdan məhrumdur. Gündəlik hansı təhlükəsizlik prosedurlarını keçirsiniz?

- Hər səhər işə gedəndə blank doldururuq. Öncə ailə üzvlərimizin sağlıq durumu barədə məlumat veririk. Sonra qızdırmamız ölçülür. Gün ərzində görüşüb, çalışdığımız pasientlərin adlarını qeyd edirik ki, gələcəkdə xəstəlik halı baş verərsə, kimlərlə ünsiyyətdə olduğumuz bilinsin.

- Niderland səhiyyəsinin hazırkı durumu maraqlıdır mənə... Məsələn, profilaktik medikamentlər, yaxud elə türkəçarə üsulları varmı?

- Bizim klinikanın da işçilər daxil olmaqla bütün tibb personalına məktub gəldi ki, hamımız çox çətin dönəmdən keçirik. İnsanlar bizə daha çox ehtiyac duyur. Anlayırıq ki, sizin də ailəniz, övladlarınız var. İşdə olmağı deyil, evdə qalmağı seçərdiniz. Lakin xəstələnənədək evdə qalmaq bizə qadağandır. Çünki 70-80 faiz əhali mütləq bu virusa yoluxacaq. Amma bu o demək deyil ki, hamımız öləcəyik. Statistika da göstərdi ki, körpələr, uşaqlar və gənclər də koronavirusa yoluxurlar. Yaşlı insanların həyati təhlükəsi daha çoxdur. İnsanlardan ilk növbədə izolyasiya və gigiyena qaydalarına riayət etmək tələb olunur. Tez-tez telefonumuza sms gəlir ki, su içməyi unutmayın. Yediyiniz meyvə, tərəvəzi yaxşıca yuyun. Gün ərzində bol C, D, E, K vitaminləri qəbul etmək lazımdır. Limonu rasionunuzdan əskik etməyin. Oxuyuram, insanlar yazırlar ki sarımsaq və sirkə faydalıdır. Əsla sirkə qəbul etməyin, ağız boşluğunuzu yaxalamayın. Çünki sirkə burun-boğaz yolundakı orqanizm üçün faydalı bakteriyaları öldürür. Yüngül və bol vitaminli bəslənmək lazımdır. Ən əsası isə dərmanlardan uzaq durmalıyıq. Müalicə olunan xəstələr də sadəcə vitaminlər qəbul edirlər. Çox şiddətli ağrılarda isə yalnız parasetamol tövsiyə olunur.

- Körpələrin və uşaqların, eləcə də heyvanların COVID-19 virusuna yoluxma faktları qeydə alındı. Niderlanddakı son durum necədir?

- Son 4-5 gündə Niderlandda ölənlərin sayı sürətlə artır. Artıq hər gün 100-dən çox insan dünyasını dəyişir. 9000-dən çox yoluxma faktı qeydə alınıb. Lakin Niderlandda digər Avropa ökələrində olduğu kimi insanlar yoxlanılmır. Ümumi statisikaya görə 40 mindən çox yoluxma halı var. Xüsusən də artıq yaş məhdudiyyəti yoxdur. Yəni yoluxub ölənlər sırf yaşlılar deyil. Bu siyahıda 1 yaşlı körpədən tutmuş, 16, 30 yaş aralığında gənclər var. Bilirsiniz, avropalılar ev heyvanlarını çox sevir. Odur ki, Belçikada aşkarlanan pişik tələfatından sonra insanlar öz heyvanları üçün də qorxmağa başlayıblar.

Qəribədir ki, bu virus haqda hələ məlumat çox azdır. Ona görə xəstəlikdən dünyasını dəyişənlərin cəsədinin daşıyıcı olmaq ehtimalı çoxdur. Sırf bu təhlükəni nəzərə alan hökumət ölənləri doğmalarına göstərmədən xüsusi qəbiristanlıqlarda dəfn edir. Bu günədək Niderlandda 24 uşaq koronavirusa yoluxub. Onlar 0-4 yaş aralığındadırlar. Artıq 10-u xəstəxanada müalicə alır. Təəssüf ki, vəziyyətləri kritikdir. Həmçinin 5-14 yaşlı uşaqlar da var ki, ev şəraitində müalicə alırlar.

- Kəmalə xanım, klinikanız bundan öncə də yaşlılara xidmət göstərirdi. Bizə bu ölkənin səhiyyə sistemi haqqında məlumat verməyinizi istəyirəm.

- Niderlandda belə bir sistem var ki, insanlar çalışdığı müddətdə dövlətə vergi ödədikləri üçün təqaüdə çıxandan sonra bütün tibbi xərclərini sığorta qarşılayır. Bu hətta heç vaxt çalışmayanlara da aiddir. Çünki sığortanı onlar da ödəyirlər. Odur ki, insanlar qocalandan sonra dövlətdən maksimal diqqət və maddi təminat görür. Çalışdığım qurum da yaşlılara xidmət göstərir. Adətən onlarla 3 sistem üzrə işləyirik. Klinikada 24 saat qalan yaşlılar; səhər xüsusi servislə klinikaya gəlib axşam 7-yə qədər orada qalanlar və öz evində yaşayıb, bütün ehtiyacları bizim personal tərəfindən icra olunanlar. Hazırda yaşlıların hamısı evdə qalır, tibbi personaldan başqa heç kimin ziyarətinə izn verilmir. Küçə ilə bütün əlaqələri kəsilib. Xüsusi gigiyenik geyimlərdə evlərinə gedib, bütün ehtiyacları ilə məşğul oluruq. Bir neçəsində test pozitiv çıxdığı üçün klinikada ağır rejimdə müalicə alırlar. Bu günlərdə 69 yaşlı bir qadını klinikaya yerləşdirdik. 4 gündən sonra özünü yaxşı hiss etdiyi üçün evinə geri qaytardıq. Bir sıra yaşlılar isə test nəticələri pozitiv çıxsa da reanimasiyada müalicə görməkdən imtina edirlər və buna haqları da var. Sağala bilməyəcəkləri təqdirdə canlarını evdə tapşırmağa qərar verirlər. Təbii ki, bu qərarda ailənin digər üzvlərinin də razılığı olur. Tanıdığım bir yaşlı ailə var. Qadın 86, həyat yoldaşı isə 96 yaşındadır. Hər ikisinin xroniki xəstəlikləri var. Bizə dedilər ki, yaşadığımızı yaşamışıq. Klinikada gənclərin yerini tutmaq yerinə öz evimizdə müalicə olunaq. Dünyadan köçsək belə bir-birimizin yanında, öz yatağımızda olaq. Yəni bu qədər müdrik düşünən xalqdır. Buna digər səbəb isə daha firavan ömür sürmələridir.

Sonda üzümü əziz həmvətənlərimə tutmaq istəyirəm. Rica edirəm ki, doğma xalqım da ölkəmizdəki yaşlıları qorusun. Onları izolyasiya edək. Və ümid edirəm ki, bir gün bizim ata-analarımız da niderlandlılar kimi xoşbəxt və qayğısız qocalacaq. Bu virusla mübarizədə isə gigiyena şərtlərinə tam əməl edərək, həmçinin evdə qalaraq qalib çıxacağıq.