"Qaydalara ailəmlə birlikdə əməl edirik" - Xalq artisti

"Çörək almağa getmək olar. Amma şəhərə çıxıb Tarqovuda gəzməyin nə mənası var?"

Azərbaycanda Koronavirus infeksiyası ilə bağlı həyəcan təbili çalınıb.  Bu gündən etibarən zəruri hallar istisna olmaqla əhalinin evdən çıxması  məhdudlaşdırılıb. Azərbaycan da  daxil olmaqla dünyada 170 ölkə koronavius pandemiyasından əziyyət çəkir. Ən qorxulusu isə elmin minlərlə ölümə səbəb olan  virus qarşısında çarəsiz qalmağıdır.

Hazırda ən kritik vəziyyətdə olan ölkə İtaliyadır. İtaliyan mediasının açıqlamasına görə hətta ölkədə ölənlər üçün tabut belə tapılmır. Əlbəttə ölkəmizdə də, yoluxanların və ölənlərin sayı getdikcə  artmaqdadır. Kritik günlərdə ən böyük vəzifə vətəndaşların üzərinə düşür. Beləki, əhali dövlətin qəbul etdiyi qərarlara riayət etməklə  xəstəliyin ciddiyətinə varmalıdır. Hələ də koronavius pandemiyasına  qarşı laqeyd yanaşanlar az deyil.   Amma dərk etmirlər ki,  yol verdikləri hər qayda pozuntusu həyatlarına son verə bilər. Koronavius infeksiyasına qarşı aparılan mübarizədə biz media mənsublarının da rolu danılmazdır. Hər birimiz xalqın maariflənməsi, xəstəliyin təhlükəsini başa düşərək sağlamlıqlarını qoruması üçün əlimizdən gələni edirik. Dövlətin qərarları ilə yanaşı həm də xalqın sevdiyi , güvəndiyi ziyalıların, incəsənət xadimlərinin müraciətlərini də işıqlandırmağa çalışırıq.

Sherg.az bu gün də sevilən aktyor, Xalq artisti İlham Namiq Kamalla  həmsöhbət oldu:

-Koronavirus təhlükəsi ilə bağlı millətimizə çağırışınız...

- Azərbaycan xalqı  çox çətinliklərlə üzləşib. Amma həmişə də alnı açıq şəkildə öhdəsindən gəlmişik. Tək bizim ölkədə deyil, bütün dünyada yayılmış xəstəlikdir. Başda prezidentimiz olmaqla dövlətimiz təxirəsalınmaz tədbirlər görməklə yanaşı, həm də qanunlara riayət edir.  

-Nə tövsiyə edirsiniz? 

-İnsanlarla təmasda olmayaq, evdə oturaq. Həm də evdə oturanda ailədə də mehribançılıq yaranır. Uşaqları ilə  daha çox vaxt keçirərlər. Düşünürəm ki, çətin vəziyyəti yalnız ağılımızla, qaydalara riayət etməklə ram edə bilərik. Hörmətli tamaşaçılarımızdan, sevimli xalqımızdan xahiş edirəm ki, evdə otursunlar. Bir birlərilə xoş söhbət etsinlər.

-Onsuzda evdən çıxmaq məhdudlaşdırıldı...

 -Bəli, həmdəki lazım deyil küçəyə çıxmaq. Axı gəzməyin nə mənası var? Elə evdə oturun. Bununla da mütaliə edib,  övladları ilə vaxt keçirə bilərlər. Yaşlılar nəvələrinə zaman ayırar. Mənə elə gəlir bu imtahandır. Millətimiz də alnı açıq şəkildə çıxacaq.

-Sizcə bütün vətəndaşlar xəstəliyin ciddiyətini dərk edəcəkmi? 

- İnanıram, çünki   müdrik, dünya görmüş millətik.  Hamı qanunlara  əməl edəcək. Tezliklə bu xəstəliyi dəf edəcəklər. Dünya bəlası olan oronavirus xəstəliyindən qurtulacağıq. 

- Həddindən artıq təşvişə düşənlərə nə məsələhət görürsünüz?

- Düşünürəm ki, panikaya ehtiyac yoxdur. Qorxu nəyə lazımdır? Rahat şəkildə qanunlara əməl edərək öhdəsindən gələ bilərik.

-"Evdə qal" artıq kampaniya deyil, qanuna çevrildi...

  - Məsələn,  çörək almağa getmək olar. Amma şəhərə çıxıb Tarqovuda gəzməyin nə mənası var? Dövlət deyir ki, bulvara , parklara getmək olmaz. Əməl etməlidirlər.  Kifayət qədər  həmin yerləri gəzmişik.  İndi isə  riayət edib, evinizdə oturun. Həyat yoldaşınızla vaxt keçirin. Çoxları o qədər işlə məşğul olurdu ki, hətta ömür-gün  yoldaşlarını da görmürdülər. İndi evdə qalsınlar.  Ailə üzvləri ilə söhbət etsinlər. Əsas, mehribançılıq yaratsınlar. Belə olduğu halda heç bir panikaya ehtiyac yoxdur. 

-Siz qəbul olunan qanunlara əməl edirsinizmi?

 -Bəli, yaş həddimi də bilirəm. Ona görə 65 yaşdan yuxarı şəxslər üçün qərar qəbul olunduğu gündən  riayət etmişəm. Qaydalara ailəmlə birlikdə əməl edirik. Heç bir problem olmayıb. 

- Evdə məşğuliyyətləriniz nələrdir ?

- Əlbəttə,  internet , kompüter  və televizor var. Onlarla məşğul oluruq. Böyük kitabxanam var. Evdə oturan insanlar bu şəkildə vaxt keçirsələr yaxşı olar.