"Metronun bağlanması ən doğru qərardır" - Nəqliyyat üzrə ekspert 

"Bu təhlükədən minimum itkilərlə çıxmağın yolu qorunmaqdır"

Bu gün saat 22:00-dan etibarən aprelin 20-dək Bakı Metropoliteni fəaliyyətini tamamilə dayandıracaq.

  Məlumdur ki, korona virusun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən zəruri tədbrlər çərçivəsində metropolitenin iş qrafiki qısaldılmışdı – səhər saat 07:00-dan 09:00-dək və axşam 17:00-dan 21:00-dək.  Lakin bir neçə günlük təcrübə göstərdi ki, belə qrafiklə əksinə, sərnişin sıxlığı daha da artır. Sosial şəbəkələrdə səhər saatlarında metro stansiyaları qarşısında yaranmış sıxlıqla bağlı fotolar da yerləşdirilirdi. Hazırda virusa yoluxma statistikasının artdığı nəzərə alınaraq qabaqlayıcı tədbirlər, karantin qaydaları daha da sərtləşdirilir.  Bu səbəbdən metropolitenin işi ümumiyyətlə dayandırılır.

Məsələ ilə bağlı “Şərq”az” danışan nəqliyyat eksperti İlqar Hüseynli metropolitenin fəaliyyətinin müvəqqəti olaraq tamamilə dayandırılmasını indiki situasiyada ən doğru qərar olduğunu dedi:
- Koronavirus təhlükəsi artıq həyatımızın reallığına çevrilib. Təbii ki, bu təhlükədən minimum itkilərlə çıxmağın yolu qorunmaqdır. Qorunmağın ən optimal yolu isə evdə qalmaqdır. “Evdə qal” kampaniyası  artıq bütün dünyanı əhatə edib. Bəzi istisna ölkələr var. Məsələn, İsveç hökuməti bəyan edib ki, heç bir məhdudlaşdırıcı tədbir tətbiq edilməyəcək. Bir neçə belə ölkə var. Azərbaycan hökuməti doğru olaraq karantin qaydaları tətbiq edib və vətəndaşlardan evdə qalmaları, yoluxma risqini azaltmaları tələb olunur. Hesab edirəm ki, belə vəziyyətdə, yoluxma risqini artıran ictimai yerlər, o cümlədən ictimai nəqliyyatdır. Çünki ictimai nəqliyyatda sərnişinlər istər-istəməz bir-birilə yaxın təmasda olur. Lakin metropolitenin bu günlərdə xüsusi qrafik müəyyən etməsi, əksinə sərnişin sıxlığının daha da artmasına gətirib çıxardı və fosmajor situasiya yaratdı. Metronun əvvəlki qrafiklə işləməsi daha məqsədəuyğun olardı. Amma biz ekspertlər əvvəldən təklif vermişdik ki, metropoliten müvəqqəti bağlanmalıdır. Çünki yeraltı ictimai nəqliyyat vasitəsində yoluxma  risqi aha böyükdür. İndi xəbər verilir ki, metropolitenin fəaliyyəti  aprelin 20-dək dayandırlır. Məncə, bu, ən doğru qərardır.  Bunun əvəzində yerüstü nəqliyyat vasitələrinin intervalını artırmaq, sərnişin avtobuslarında seyrəkliyə, məsafə saxlanmasına  nəzarət etməklə, az-çox, işləmək məcburiyyətində olan, zəruri hal kimi  iş yerinə getməli olan vətəndaşlarımızın daşınması təmin edilməlidir.