Bakı Media Mərkəzi İtaliyaya dəstək video çarxı hazırlayıb - VİDEO


Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi, sosial məsuliyyəti çərçivəsində yeni  videoçarx  hazırlayıb. Video hazırda dünya üzrə COVID-19 virusuna ən çox insanın yoluxduğu və dünyasını dəyişdiyi İtaliyaya həsr olunub.

Bakı Media Mərkəzindən APA-ya verilən məlumata görə, İtaliya Azərbaycanın ən yüksək səviyyədə əlaqələrə malik olduğu ölkələrdəndir. Avropanın zəngin tarixə və mədəniyyətə malik ölkəsinin indi üzləşdiyi bu qorxulu vəziyyət Azərbaycanda da ürək ağrısı ilə izlənilir. Bu videoçarxda pandemiya ilə ciddi mübarizə aparan Azərbaycanın və Azərbaycan vətəndaşlarının dost İtaliya xalqına dəstəyi ifadə olunur.

İzləyicilərə skripka ustaları Rövşən Əmrahov, Nəzrin Aslanlı, pianoçu Səidə Tağızadə və tenor Fərid Əliyevin ifasında italyanların sevilən musiqi əsərlərindən biri Cakomo Puççininin "Turandot" operasından "Nessun Dorma" ariyası təqdim olunur. İtaliyanın məşhur futbol klublarının azərbaycanlı azarkeşlərinin də könüllü iştirakı və müşayiəti ilə hazırlanan videonun sonunda italyan dilində "İtaliya, Azərbaycan səninlədir!", "Evdə qalın!", "Hər şey yaxşı olacaq!" müraciətləri qeyd olunur.

Məlumat üçün bildirək ki, videoçarx Azərbaycanda COVID-19 virusunun geniş yayılması təhlükəsinə qarşı mübarizə çərçivəsində elan olunan karantindən əvvəl çəkilib.