“Özümüzü qorumağın yolu karantin tədbirlərdən keçir” – Əməl edin! 

Fərid Şahbazlı: “Dövlət bütöv bir xalqın təhlükəsizliyini hansısa məsuliyyətsiz vətəndaşların vicdanına buraxa bilməz”


Bir çox ölkə  koronavirusla bağlı intensiv qabaqlayıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, qısa müddətdə infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmayıb. Vətəndaşlarımız mümkün qədər məsuliyyətli olmalı, Ümumdünya Səhiyyə Təşkilatının  və tövsiyələrinə riayət edib,  Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməlidir. 

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı da “Sherg.az”a açıqlamasında qeyd edib ki, Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün mühüm və zəruri tədbirlər həyata keçirilir:



“Tətbiq edilən məhdudiyyətlər və qadağalar birbaşa Azərbaycan xalqının təhlükəsizliyinə və sağlamlığının qorunmasına xidmət edir. Dövlətin mühüm strukturları və ictimai təşkilatlar koronavirusla bağlı həyata keçirilən tədbirlərin əhaliyə düzgün şəkildə çatdırılmasına və maarifləndirilməsinə xidmət edir. Pandemiyanın dəhşətli nəticələri ilə bağlı vətəndaşlara ətraflı məlumat verilir. İnfeksiyadan qorunmağın yolları izah edilir. Digər ölkələrdən fərqli olaraq, Azərbaycan polisi karantin qaydalarını pozan vətəndaşları cərimələməyə yox, səbrlə onlara Operativ Qərargahın  qəbul etdiyi qərarları izah etməyə çalışır”. 

Pandemiyanın artıq səhiyyə böhranı olmaqdan çıxdığını vurğulayan F. Şahbazlı  deyib ki, bu infeksiya bütün dünyanı təhdid edən siyasi- iqtisadi vasitədir:

“Hər nə qədər ürküdücü olsa da, biz pandemiyanın dünyada törətdiyi dəhşətli faktları bilməli və özümüzü qorumağın yollarını tapmalıyıq. Bu yol isə  dövlətin həyata keçirdiyi karantin və izolyasiya tədbirlərinə əməl etməkdən keçir. Hətta zərurət yarandığı halda daha sərt tədbirlərə belə riayət etməliyik. Çünki dövlət bütöv bir xalqın təhlükəsizliyini hansısa məsuliyyətsiz vətəndaşların vicdanına buraxa bilməz.  İnsanlar öz məsuliyyətini dərk etmədiyi halda dövlət gücünü işə salmalı və maarifləndirmə yolu ilə yox, məcburi qaydada insanlardan karantin qaydalarına uymağı tələb etməlidir”.