”Məqsəd pandemiyanın iqtisadiyyatımıza təsirlərini azaltmaqdır” - ŞƏRH

“Biz həm koronavirus pandemiyası ilə ciddi mübarizə aparırıq, həm də iqtisadiyyatımızı qorunması üçün dövlətin resurslarını səfərbər edirik”


Bütün dünyada iqtisadi artım templəri səngiyib. Pandemiyanın təsiri altında enerji və səhm bazarlarında durğunluq yaranıb. Dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməkdədir.
Lakin Azərbaycan hökuməti vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığın azalmasına gedir və iqtisadiyyatı, sahibkarlıq subyektlərini böhran şəraitində qorumaq və onun mənfi təsirlərini minimuma endirmək məqsədilə bu subyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına dəstək verir. Məhz bu məqsədlə İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb. Dövlət dəstəyinin göstərilməsi üçün 9 proqram hazırlanıb. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib.

Sözügedən proqramla bağlı “Sherg.az”a açıqlama verən   millət vəkili Azər Badamov deyib ki, dünyada geniş yayılmış koronavirusla bağlı mübarizə  ölkəmizdə də uğurla davam etdirilir. Bu mübarizənin tərkib hissəsi olaraq Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah bir çox məhdudiyyətlər tətbiq edib: 

“ Bu məhdudiyyətlərin tətbiq olunması iqtisadiyatın qeyri-neft sektorunda işləyənlərə, həm də biznes strukturların fəaliyyətinə öz təsirini göstərib. Bir çox sahə var ki, demək olar, fəaliyyətlər dayanıb. Bununla əlaqədar cənab Prezident Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayırıb və  dövlət dəstəyinə ehtiyacı olan sahələri müəyyənləşdirilməsi üçün 4 qrupun yaradılmasına tapşırıq verib. Təbii ki, bu qruplar Birinci vitse -prezdentimizin tövsiyələri ilə fəaliyyət göstərərək ölkədəki iqtisadi fəallığının davam etməsininə, makroiqtisadi sabitliyin təmin olunmasına , biznes strukturlarının gələcək fəaliyyətlərinin təmin olunmasına, iş yerlərinin qorunub saxlanılmasına və əhalinin sosial dəstəyinə ehtiyacı olan təbəqəsinin sosial müdafiəsinə müsbət təsir göstərəcək əsas istiqamətlər müəyyənləşdirərək 9 proqram hazırlayıb. Dünən cənab Prezident iqtisadiyyat nazirini  qəbul edib və bu əsas istiqamətlər ətrafında Mikayl Cabbarov  məruzə edib. Qeyd olunduğu kimi işçi qrupları tərəfindən  ölkə iqtisadiyyatına pandemiyanın təsirlərini minimuma endirmək və az itkilərlə böhrandan çıxması istiqamətində 9 proqram tərtib olunub. Bunu əsasən  pandemiyanın birbaşa təsir etdiyi 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçnin əmək haqqının ödənilməsi və bu pandemiyada zərər çəkmiş 292 min mikrobiznes subyektinə və fərdi sahibkarlara dəstək  2 proqramını qeyd etmək olar. Bu proqramlarda qısamüddətli likvidliyi olmayan sahibkarlara, müəssisələrə öz fəaliyyətini davam etdirməyə, onların bir çox hallarda demək olar ki, əsas xərci olan işçilərin, muzdlu işçilərin əməkhaqqı xərcinin əhəmiyyətli hissəsinin ödənilməsi təklif olunur. Üçüncü proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramıdır. Dördüncü proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi proqramıdır ki, bu proqtramın həcmi 500 milyon manat təşkil edir. Beşinci proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramıdır ki, bu proqramın həcmi də 1 milyard manat olacaqdır”.

Altıncı və yeddinci proqramlara gəlincə, millət vəkili qeyd edib ki, bu, əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paketdir:

“Bu istiqamətə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək nəzərdə tutrulur. Səkkizinci proqram ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi istiqamətidir ki, bu da  tikinti sahəsinin fəallığının davam etdirilməsinə, genişləndirilməsinə, həm də əhali üçün hər zaman vacib olan mənzil probleminin həllinə böyük töhfə verəcəkdir. Doqquzuncu proqram isə əhalinin kommunal ödənişlərinə dəstək proqramıdır. Ümumiyyətlə bu proqramların həyata keçirilməsinə ilkin olaraq 2,5 milyard manat vəsaitin xərcləyəcıəyi gözlənilir.  Məqsəd isə koronavirus pandemiyasının dünyada yaratdığı iqtisadi böhranın ölkə iqtisadiyyatına təsirlərini azaltmaqdan ibarətdir. Təbii ki, bu pandemiyanın iqtisadiyyatlarına təsir etmədiyi ölkə yoxdur. Azərbaycan isə cənab Prezidentin rəhbərliyi  və tapşırıqları ilə bu böhrandan az itkilərlə çıxmaq istiqamətində çalışır. Düşünürəm ki, qəbul olunan operativ qərarlar postneft dövrü kimi təsəvvür etdiyimiz  cari vəziyyətdə özəl biznes strukturlarının fəaliyyətini və iş yerlərini qorunub saxlanılmasına imkan verəcəkdir. Biz həm koronavirus pandemiyası ilə ciddi mübarizə aparırıq, həm də iqtisadiyyatımızı qorunması üçün dövlətin resurslarını səfərbər edirik. Dövlətimiz prezdent İlham Əliyevin rəhbərliyi altında qəttiyyətli addımlar atır. Pandemiyala mübarizədə məsuliyyət isə vətəndaşlarımızın üzərinə düşür. Əgər insanlar evdə qal çağırışına məsuliyyətlə yanaşaraq canlı təması minimuma endirsələr həm pandemiyanın yayılmasının qarşısını almış olarıq. Eyni zamanda dövlətin ölkə iqtisadiyyatının və sosial vəziyyətinin qorunması istiqamətində atdıqları addımların effektivliyi daha çox olacaqdır”.