“Dövlətin yardımlar paketi səmərəli olacaq” – Keçmiş nazir 

“Dövlət həmişə olduğu kimi öz vətəndaşlarının və sahibkarların yanındadır. Yetər ki, həm vətəndaşlar və həm də sahibkarlar qoyulan tələblər çərçivəsində davransınlar”


“Ölkə Prezidenti cənab İlham Əliyev dünən İqtisadiyyat Naziri Mikayıl Cabbarovu qəbul edərkən yaranmış durumla bağlı öz fikirlərini olduqca açıq bir şəkildə cəmiyyətə çatdırdı”
 Bu sözləri "Sherg.az"a iqtisadi elmlər doktoru, Professor Fikrət Yusifov deyib. Onun sözlərinə görə, görüş zamanı onun səsləndirdiyi “Dünyanın və Avropanın aparıcı ölkələrində demək olar ki, vəziyyət nəzarətdən çıxır”, “heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin sayına uyğun xidmət göstərə bilməz”, “Əgər pandemiya Azərbaycanda geniş vüsət alarsa bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır” kimi fikirlərdən hər birimiz ciddi nəticə çıxarmalıyıq: 



“Bu gün vətəndaş-iqtidar birliyinin ən yüksək səviyyədə nümayişinə ehtiyac var. Hesab edirəm ki, dövlətin yaranmış durumla bağlı atdığı addımlar kifayət qədər səmərəli olacaq və məhz bu tədbirlər sayəsində pandemiyanın yaratdığı problemlərin minimallaşdırılmasını təmin edə biləcəyik. Yetər ki, Prezidentin “Ona görə dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir və vətəndaşları bir daha məsuliyyətə çağırıram” tələbinə hər birimiz əməl edək”.
 “Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirən işçi qrupun rəhbəri - iqtisadiyyat naziri M.Cabbarov Dövlət dəstəyinin göstərilməsini nəzərdə tutan və 9 proqramdan ibarət olan zərfi ölkə başçısına təqdim etdi. Bu Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bütövlükdə proqramlar dörd böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bütün fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən olunub. Ümumilikdə, doqquz proqramın maliyyə tutumu 2,5 milyard manat təşkil edir ki, bu da Azərbaycanın Ümumi Daxili Məhsulunin 3%-nə bərabər bir məbləğdir. Bu göstərici MDB məkanında və regionda olan ölkələr arasında onların iqtisadiyyatının ölçüləri baxımından ən yüksək göstəricidir".

Professor onu da əlavə edib ki, yaxın günlərdə digər işçi qruplarının da təkliflər zərfinin təqdimatı gözlənilir:

"Bir sözlə, dövlət həmişə olduğu kimi öz vətəndaşlarının və sahibkarların yanındadır. Yetər ki, həm vətəndaşlar və həm də sahibkarlar qoyulan tələblər çərçivəsində davransınlar. Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa, fəaliyyətini aşkarlıq prinsiplərinə söykənərək göstərməyə borcludur. Dövlət belə sahibkarları həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək- deyə İqtisad elmlər doktoru əlavə edib".