Tanınmış bəstəkardan tövsiyə:“Deyirlərsə, evdə qalın, deməli, belə də olmalıdır”


Azərbaycanda koronavirus pandemiyasına qarşı aparılan mübarizə ciddi şəkildə davam etdirilir. İzolyasiya və sosial təcrid tədbirləri gücləndirilmis formada tətbiq edilir. İnsanların evdə qalması artıq kampaniya deyil qayadaya, normaya çevrilib. Zəruri hallar istisna olmaq küçəyə çıxmaq məhdudlaşdırılıb. Bütün bunlar əhalinin sağlamlığının təmin edilməsi naminədir. Məlum məsələdir ki, dünyada vəziyyət olduqca kritikdir. Ölkəmizdə də yoluxanların və ölənlərin sayı gündən-günə artmaqdadır. Daha böyük fəlakətlərlə üzləşməmək üçün qanunlara riayət etmək vacibdir. Evdə qalaraq ailəmizin və xalqımızın təhlükəsizliyini qoruya bilərik. Millətimiz  evdə qalsın deyə bir çox təşkilatlar “online” layihələr keçirməyə başlayıb.  Akademik Milli Dram Teatrı tamaşalarının hazır çəkilişlərini hər gün internet vasitəsilə təqdim edir. Bundan başqa, Mədəniyyət Nazirliyinin “online” layihəsi  əsasında tanınmış xanəndələr canlı ifaları ilə evimizə qonaq olacaq. Həmçinin sənətkarlar fərdi şəkildə də layihələr həyata keçirərək “Evdə Qal” kampaniyasını dəstəkləyir. Öz sahələrinə uyğun işlərlə müraciətlər edirlər.


Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli də musiqi ilə  xalqa çağırış edib. Sözləri Sübhanə Nəciqızına məxsus olan evdə qal kampaniyasını dəstəkləyən yeni bəstəsini sevənləri ilə paylaşıb. Biz də "Sherg.az" olaraq Nailə xanımla əlaqə saxlayıb, onunla həmsöhbət olduq.

-Əvvəlcə koronavirus təhlükəsi ilə bağlı xalqa məsləhətlərinizi öyrənmək istərdik...

-Sözlərimi musiqi ilə ifadə edirəm.  Çox səbirli və dözümlü xalqıq. Ən gözəl xarakterimiz isə Allaha bağlılıqdır. Ona görə də çətin vəziyyətlərdən üzü ağ, başı dik çıxmışıq. Qurban olduğum dualarımızı eşidib. Tövsiyə edərdim ki, deyirlərsə, evdə qal, deməli, belə də olmalıdır. Gücümüz nəyə çatır? Yalnız birlikdə dualar edərək, qara buludları ölkəmizin üzərindən qovmalıyıq. 

-Dünyada da vəziyyət gərgindir... 

-Bəli,  istəmirəm ki, eqoistlik edib təkcə öz ölkəmizdən danışım. Bütün dünya, bəşəriyyət təhlükəli problemin  öhdəsindən gəlsin.  Hər bir xalqın orta yaşlıları olduğu  kimi körpələri, cavanları da var. Yenə bizlər yaşamışıq arzu edirəm onlar da həyatın gözəlliklərindən doysunlar. İnşallah bu bəla tezliklə yox olar. İşimizə, gücümüzə qayıdarıq. Təki canımız sağlam olsun. Ona görə də evdə qalmaq məsləhətdir. 

-Dövlətin təxirəsalınmaz tədbirlərini necə dəyərləndirirsiniz?

-Prezidenti mən seçmişəm, musiqi yazmışam ki səs verib, dəstəkləyirik.  O Ailəylə fəxr edirəm. Görürsüzmü ölkəmizi beynəlxalq aləmdə təmsil edəndə müxtəlif xarici dillərdə danışa bilirlər. İnanmıram ki, kimsə onu bacarsın. Həm Prezidentimiz, həm də birinci xanımımız  Heydər Əliyev məktəbinin nümayəndələridir.  

-Qaydalara əməl edirsinizmi?

- Prezidentimiz nə deyirsə, inanıb əməl edirəm. Hansı ailə başçısı istəyər yanlış məlumat versin?! Ailə üzvləri xəstələnsin.  Həm də dövlətimizin qərarlarına  riayət etməliyəm. Çünki ölkənin seçilmiş nümayəndəsi, əməkdar incəsənət xadimiyəm. 

- Koronavirusla Mübarizəyə Dəstək Fondu da yaradıldı... 

-Əlbəttə, kimin imkanı varsa  kömək etməlidir. Allah bol eləsin ki, həmişə yardımlar göstərsinlər. 

-Evdə işləriniz davam edirmi?

-Mühazirələr yazıram. Bakı Dövlət Universitetinin  Mədəniyyət Yaradıcılıq Mərkəzinə direktor təyin olundum. Ora layihələr fikirləşirəm.  Ssenarilər hazırlayıram.  Musiqi bəstələyirəm. Tələbələrimə “online” şəkildə dərs keçirəm. Bir də əsas məşğuliyyətim nəvəmdir. 

-“Online” dərslər necə gedir?

-ADPU tələbələrinə  fərdi şəkildə dərs keçirəm. “Online” mühazirələrlə, fortepianoda göstərirəm. Sinif nümayəndələrinə materialları göndərirəm uşaqlar öyrənir, sonra məşğələlərdə sualları cavablandırırlar. 

-Bəs internet üzərindən layihələriniz olacaqmı?

 -Verilişlərə getmirəm. Dünən dövlət televiziyasına göndərdim,  “Evdə qal” kampaniyasını dəstəkləyən bəstəmi yayımladılar. O da bir növ çağırışdır.