Bağanıs Ayrım soyqırımının üç qurbanı... - FOTO

Əslində oxuduğunuz bu mövzuya təsis etdiyimiz CARÇI EXPRESS jurnalının ilk sayını həsr etmək istəyirdik. Amma dəstək göstərməli olanlar dəstək olmadı deyə və dünyanı sarmış bəlli virus səbəbi ilə katantinə alındıq deyə jurnalı ərsəyə gətirib geniş formada yaza bilmədik. Sadəcə bir məqalə ilə kifayətlənməli olduq. Kim dəstək olmalı idi, niyə dəstək olmalı idi? Bu barədə sonra. İndilik isə keçək mövzumuza...

Hər zaman ilkləri ilə (ilk xalq şairi, ilk xalq şairəsi, ilk ali təhsilli qadın və ilk tibb bacısı, ilk hərbi təyyarəçi və s.) yadda qalan Qazax rayonu daha bir ilklə tarixə düşdü. Bu dəfə faciə ilə...

1990-cı ilin mart ayının 23-dən 24-nə keçən gecə erməni xüsusi təyinatlıları (saqqallılar) ilk şəhid kənd adını qazanacaq Qazağın Bağanıs Ayrım kəndinə qəfl hücum edib. Həmin qeyri-insani hücum nəticəsində bir ailənin 5 üzvü diri-diri yandırılıb, insanlar güllələnib, evlər talan edilib, benzin tökülərək yandırılıb. Həmin qətliamda qətlə yetirilən ailənin ən böyüyünün 75 yaşı var idi, ən kiçiyi isə 39 günlük körpə idi. Həmçinin onların qonşuları Alməmməd kişini də ot tayasına atıb yandırıblar. Araşdırmalarımız müddətində 39 günlük Hafizin atası Ramizlə görüşdük. “Heç canavar belə vəhşilik etməzdi. Bizdən silahları yığmışdılar deyə bu vəhşiliyi rahatlıqla etdilər”-deyən Ramiz Adıgözəlov məhz silah əldə edib, ermənilərlə savaşmaq üçün milisə işə düzəlib. Və doğrudan da 1990-cı ildən, 1993-cü ilə qədər milis işçisi olaraq Qazaxdakı döyüşlərdə iştirak edib.

1989-cu ildə Moskvadan yerli əhalidən silahların yığılması ilə bağlı qərar gəlib. Bu qərarla əlaqədar olaraq milislərdən camaatda olan silahların yığışdırılması tələb olunub. Milis şöbəsində isə cəmi yeddi avtomat var imiş. Dəfələrlə Azərbaycan SSR daxili işlər nazirliyinə silah üçün müraciət edilsə də, tələblərin demək olar ki, hamısı cavabsız qalıb. 

Bağanıs Ayrımda post təşkil olunmuş və hər gün iki milis orada növbə çəkirdi. Həmin günlərdə düşmənlə vuruşan milislər, aralarında qohumlarım Akif Qocayev və Becan Qocayev olmaqla İlyas Bayramov, Hüseyn Əhmədov, Mirhəbib Mahmudov, Elşən Mustafayev ,Həsən Xəlilov, Tapdıq Əhmədov, Mehralı Bayramov, Sarı Süleymanov, Zahid 

Əmiraslanov və digər fədakarlar var idi.

24 martda postda növbədə olan leytenant Zirəddin Əhmədov və kiçik serjant Məcid Əhmədov idi. Həmin gün döyüşdə kiçik serjant Məcid Əhmədov yaralanıb. Kənd sakini Konfrans Əsgərov həyatını təhlükəyə ataraq güllə yağışı altında Məcidi döyüş mövqeyindən çıxardıb. Baş leytenant Tofiq Orucovun maşınına qoyub, tibbi yardım üçün rayon mətkəzinə yola salıblar. Lakin yara ağır olduğundan, çox qan itirdiyindən Məcidin həyatını xilas etmək olmur. Məcid Əhmədov şəhid olur.


İgidliyi ilə seçilən, kənd sakinlərinin güvən yerinə çevirilmiş Zirəddin Əhmədov da həmin döyüşdə əlindən yaralanıb. Qeyd edək ki, cammaatın kənddən itkisiz çıxmasında Zirəddin Əhmədovun müstəsna rolu olub. Erməni gülləsindən həyatını itirməyən Z.Əhmədov çox təəssüf ki, 1997-ci ildə müəammalı şəkildə qətlə yetirilib.

Kommunist partiyasının nüfuzdan düşüb, məhv olmaq mərhələsinə çatmağına baxmayaraq o zaman SSRİ hələ dağılmamışdı. Hər şey Moskvada həll olunurdu. Moskvaya yazılan  çox sayda məktublar, teleqramlar ya cavabsız qalır, ya da ümidverici bir şey yazmırdılar. Və ya “Hər şey yaxşı olacaq” tipli yalançı cavablar gəlirdi. Respublika rəhbərliyi də onların dedikləri kimi hərəkət edir, heç bir konkret tədbir görmürdü.

Faciə günü təcili tibbi yardım heyyətində Bağanıs Ayrıma ilk daxil olanlardan həkim Elxan Bayramovun dedikləri:

“ Biz ora gedəndə heç kəs yox idi. Qabaqda milis, yanğınsöndürən, və ardından biz təcili yardım kəndə girdik. Yandırılmış insanları damdan çıxartdıq. Qadınlardan birinin qarınına daş doldurmuşdular. Hiss olunurdu ki, əzab verib, öldürüb, sonra yandırıblar. Ermənilər bir nəfər milis serjantını da vurmuşdu. Amma onu artıq kəndən çıxartmışdılar. Bizdən bir saat sonra isə camaat gəldi.
Həmin günü eyni zamanda Ağstafada Xalq Cəbhəsinin növbəti qurultayına konfrans keçirilirdi. Rəhmətlik Dilarə Əliyeva, Aydın Məmmədov, Nəcəf Nəcəfov və İsa Qəmbər, Tamerlan Qarayev də orada idi. Konfrans yarımçıq qaldı. Mənim təkidli tələbimdən sonra komissiya təşkil edildi. Orada çəkiliş də var idi. Azad Əsgərzadə daha çox təkid etmişdi ki, baş vermiş hadisə videoya çəkilsin. Mən istəmirəm ki, tarix təhrif olunsun, səhv etmirəmsə bunu Nüsrət Budaqov təşkil etdi, Vəli adlı kameraman gəlib çəkdi. Hətta biz Kommunist partiyasına eriraz əlaməti olaraq yandırılmış meyitləri gətirib rayon mərkəzində nümayiş etdirdik. Gördüyünüz bütün kadrları deyəsən mədəniyyət evinin işçisi olan həmin fədakar kameraman Vəli çəkib. Ödənişləri isə Nüsrət Budaqov edirdi. Çəkilişi GÜNAZ TV dəfələrə göstərib. Bilirəm ki, bizim bütün arxivlər KQB-yə getdi. Əgər siz arxivlərə müraciət etsəniz, hamısı orada var.

O zaman dövlətin müdafiəsi yox idi. Müdafiə ilə Xalq Cəbhəsi məşğul idi. Bağanıs Ayrım Kəndindən Poladov Allahverən müəllim var idi. Hər gün bizdən tələb edirdi ki, kəndi silahlandırın, kənddə silah yoxdur. Biz də gücümüz çatanı edirdik. Həmin gün Çaylı kəndindən də 3 nəfər itkin düşmüşdü. Onların işi ilə əsasən Cavanşir Carçı məşğul olurdu. Hətta bildiyimə görə onların axtarışı ilə məşğul olanda öz komandası ilə çox təhlükəli erməni mühasirəsinə də düşübmüş.

Bütün hadisələr isə tamamilə rusların nəzarəti altında idi. Biz orda olduğumuz müddətdə Bağanıs Ayrım üzərində rus vertolyotları sonadək nəzarət etdi. Vertolyot 2-3 dəfə kadrlara da düşüb. Ümumiyyətlə bu işdə rusların əli var idi “.

Bağanıs Ayrım soyqırımı barədə bir neçə məqalə, o cümlədən bir neçə kitab yazılıb ki, araşdırmalarımız dövründə əksəriyyətini əldə edib oxumuşuq. Onlardan, millət vəkili Qənirə Paşayeva və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayılın araşdırma əsərlərini, ilahiyyatçı yazar Tural İrfanın bu mövzuda yazdığı  “Kamikadze 1” sənədli romanını misal gətirmək olar. Bu əsərlər təqdirə layiqdir, tərcümə edilib xarici dillərdə yayınlanmalıdır.

Bir faktı isə xüsusilə qeyd etmək istəyirəm. 24 mart 1990-cı il tarixdə daha üç nəfər erməni vəhşiliyinin qurbanı olub. Amma onların adları demək olar ki, heç yerdə çəkilmir. Ümumən bir qədər diqqətdən kənarda qalmış Bağanıs Ayrım hadisəsində Çaylı kənd sakinləri olan həmin üç nəfərin adı heç çəkilmir deyə, canlı şahidlərin söylədikləri əsasında həmkəndçilərimdən yazmaq qərarına gəldim. 

Dediyim kimi, soyqırım günündə daha 3 nəfər erməni vəhşiliyinin qurbanı olmuşdu.Qazağın əksər kəndlərində hörməti ilə tanınan Əziz Əhmədovun və sevimli müəlliməm Nigar Sanıyevanın övladları Kamran Əmrahov, Bəxtiyar Əmrahov və onların xalası oğlu Bala Çaylı (Kommuna) kənd sakini Sanıyev Xəqani Şəmsəddin oğlu. Faciə baş verən gün iki qardaş və xalası oğlanları baş verənlərlə yaxından tanış olmaq üçün öz maşınlarında Bağanıs Ayrıma baş çəkməyə gediblər. Faciə baş verən ərazidə kənd sakinləri onları geri qaytarmaq istəsələr də yolçular geri dönməyiblər. Və qəfil erməni atəşinə tuş gəliblər. Nasaz olan maşın xarab olub və ermənilər onları əsir götürüb. Çox təəssüf ki, bir daha geri dönməyiblər.
Əsir düşmüş həmvətənlərimizin sonrakı taleyi barədə bir çox fərqli məlumatlar əldə olunsa da, hansının ən dəqiq olduğuna əmin deyilik. Odur ki, canlı şahidlərlə görüşüb, onlardan öyrənmək qərarına gəldim. Kəndimizin ziyalı övladları Kamran və Bəxtiyar Əmrahovlar barədə araşdırmama nə qədər çətin olsa da anaları Nigar müəllimədən başlamaq istədim. Doğmalarım məni bundan çəkindirmək istəsələr də, bir qədər həddimi aşmış olsam da, yollandım müəlliməmgilin evinə. Valideyinlərimin də müəllimü olmuş Nigar Sanıyeva məni həmən tanıdı. Və başladıq söhbətə. Müəlliməm bunları söylədi:

“İkisi də yaşadığımız bu evdə dünyaya gəlib.  1959 və 1961-ci illərdə. Kiçik oğlum Qorxmaz isə 1966-cı il təvəllüdlüdür. Hələ orta məktəbdən yaxşı oxuyan uşaqlar idilər. Oğullarımdır deyə demirəm. Bunu bütün müəllimlər deyirdi. İsfəndiyar müəllim (kəndin nüfuzlu riyaziyyat müəllimi) yoldaşıma deyirdi ki, bunlar mütləq qəbul olacaq. Doğrudan da qəbul oldular. İkisinin də heç vaxt kəsiri olmadı. Heç bir tapşırıqsız, filansız oxudular. Bizə heç əziyyət vermədilər. Kamran AZİ-ni oxumuşdu. Təyinatla Türkmənistana göndərdilər. Bir il orada işlədi.  Bəxtiyar Politexniki biritmişdi. Sonra hər ikisi Bakıda işlədi.  Kamran qazma idarəsində baş geoloq idi. Bəxtiyar tikinti sahəsində işləyirdi. Çalışdıq-çabaladıq, ev aldıq. İkisinin də Bakıda evi var idi.
Deyim ki, Kamranla Bəxtiyar “20 Yanvar” faciəsinin də iştirakçısı olublar. Hətta Bəxtiyar həmin hadisədə itmişdi. Yoldaşı Mehriban zəng vurmuşdu ki, Bəxtiyar yoxdur. Radio vasitəsi ilə bildik ki, sağdır. Sonra üzü-gözü qanlı evə gəlib. Sən demə yaralıları daşıyırmış. Mən onları danlayanda deyirdilər ki, ay ana elə yerdə ölmək şərəfdir.

Yoldaşım Əziz Əmrahov Bağanıs Ayrım, Əksipara, Qızıl Hacılı, Fərəhli, Alpoud kəndlərində baş aqronom işləyib.Onu hamı tanıyır, hörmət edirdilər. Yaxşı ki, 1987-ci ildə dünyasını dəyişdi, bu günləri görmədi. Kommuna (Bala Çaylı) kəndində yaşayan bacım Zivər rəhmətə getmişdi. İki qardaş yas yerinə gəlmişdi. Elə orada Bağanıs Ayrımda baş verən hadisəni eşidiblər. Oğlanlarım və bacım oğlu ora getməyə qərar veriblər. Yol boyu kənd camaatı yoldaşımın maşınını tanıyıb və qabaqlarına durublar ki, getməyin, çox təhlükəlidir. Amma onlar gediblər.
Elə bilirəm ki, bu gün gediblər. Gözlərim hələ də yoldadır. Hər an gözləyirəm ki, indi qapıdan içəri girəcəklər. Hər gün yadımdadırlar, ölənə kimi bir an da yadımdan çıxmazlar.

Bu yerdə evdəki xanımlardan biri: “Hər gün şəkillərinə baxıb ağlayır” –dedi.

-Bir az da həddimi aşıb soruşdum ki: “Heç yuxunuzda görürsünüzmü onları?”
-Yox – deyib, sözlərinə davam etdi...

... Axtarışlarına hətta Rusiyadan nümayəndə gəldi. Amma xeyri olmadı. Rəhmətlik Cavanşir (Cavanşir Carçı) çox çalışdı, deyirdi bir məlumat əldə edəcəm. Hətta yoldaşımın maşınından eynisini gətirdi, götürmədim. Amma təəssüf ki, o özü də tez köçdü dünyadan. Ermənilər biləndə ki, öldürdükləri Əziz müəllimin oğlanlarıdır, peşiman olublarmış. Onu da deyim ki, bu işi edənlər muzdla tutulan ermənilər olub.
Bir dəfə maşınla çoxlu meyidlər gətirmişdilər. Ümid etdim ki, heç olmasa meyidləri burda olar. Qızım Xədicə maşına çıxıb meyidlərə baxdı. Qışqırdı ki, ay ana burada da yoxdular.
İndi şəhidlər xiyabanında onların da, bacım oğlunun da xatirə abidəsi var. Onu da öz hesabımıza qoydurmuşuq”.

Nigar müəlliməni çox yormaq istəmədim. Ondan xahiş etdim ki, bacısı oğlu Xəqaninin də ailəsindən kimisə çağırsın, onu barədə öz ailə üzvündən dinləyək. Zəng vurub Xəqaninin qardaşı Qasım Sanıyevi evə dəvət etdilər. Hər nə qədər çətin olsa da qardaşı Qasımın da dərdlərini təzələyib, itkin düşmüş qardaşı barədə gerçəkləri danışmasını xahiş etdim.

Qasım Sanıyev bunları dedi:

“Qardaşım Xəqani Sanıyev 1962-ci ildə Qazax Rayonunun Çaylı-Kommuna kəndində anadan olub. Azərbaycan Pedeqoji İnstitunun Coğrafiya fakultəsini bitirmiş, təyinatla İsmayıllı rayonu göndərilmiş və 3 il orada müəllim işləmişdi. Sonra hərbi xidmətə getdi. Hərbi xidmətini Qazağıstanda çəkdi. Hərbi xidmətini başa vurduqdan sonra, 1986-cı ildən etibarən Qazağın Ürkməzli kəndində müəllimlik fəaliyyətini davam etdirdi. Coğrafiyaçı idi deyə Azərbaycanı qarış-qarış gəzmişdi. Vətənini çox sevirdi. (Bu yerdə mərhum Xudu Məmmədovun sözü yadıma düşdü: Övladlarınıza vətəni gəzdirin, o özü vətəni sevəcək).

... 1988-ci ildə məlum hadisələr başlayanda bütün vətən oğulları kimi Xəqani də biganə qala bilmədi. Onu evdə tək-tək görürdük. Hər gün rayon mərkəzində toplanıb, könüllülər batalyonu yaradırdılar. Onun öhdəsində Kommuna kəndində dəstə formalaşdırmaq idi. O vaxt əhval-ruhiyyə daha yüksək idi. Odur ki, Xəqani qurulmuş postları qorumaq üçün 7 nəfər kəndçimizdən ibarət dəstə formalaşdırdı.
1990-cı il martın 20-də anam rəhmətə getdi. Gələn qohum-əqraba ilə bir yerdə Bakıdan Nigar xalamın oğlanları Kamranla, Bəxtiyar da gəlmişdi. Martın 24-ü anamın dördü günü idi. Hamı burada idi. Kimsə küçədə məlumat verdi ki, ermənilər hücum edib, Bağanıs Ayrımı yandırıblar. Xəqanigilin orada postu var idi. Xalam oğlanlarının atası rəhmətlik Əziz müəllimin “03” markalı maşını ilə ora getdilər və elə orada puskuya düşdülər. Ermənilər onları girov götürdü.

Sonrakı işimiz onları axtarmaq oldu. Axtarışları ilə çox məşğul olduq. Atam o dövürkü katiblə görüşdü. O vaxt Şatalin adlı yüksək rütbəli hərbiçi Qazağa gəlmişdi, guya hadisələri araşdırmağa. Atamgil onunla da görüşdü. Amma heç bir faydası olmadı.
O dövrdə hələ müstəqil deyildik, sovet dövrü idi. Xalq Cəbhəsi təzə yaranmışdı. Axtarışla ən çox məşğul olan cəbhəçilər idi. Cavanşir bəy Carçı rayonun ən nüfuzlu şəxslərindən idi. O da, Sabir Çaylı da bu işlə çox məşğul oldu. Cavanşir bəy atamla bir yerdə İcevana qədər getdi. İcevanın qadın katibi (icra başçısı) var idi. Hətta o qadın da boynundan atmışdı ki, onu edənlər xüsusi təyinatlılardır, biz də onlarla bacara bilmirik.
Hətta bizə iki erməni əsiri gətirdilər. Bizimkilərin sağ olduğuna ümidli idik deyə onları buraxdıq, çıxıb getdilər. Sən demə onlar da agent imiş. Gedib bizim əlehimizə yalançı çıxışlar etmişdilər. Məsələni araşdıranda ruslar özləri bu yalana məəttəl qalmışdı.Bax məsələ beləcə qaldı”.

Bağanıs Ayrım faciəsində əsir düşmüş soydaşlarımızın ciddi (çox təəssüf ki, nəticəsiz) axtarışı ilə məşğul olanlardan biri, itkin düşənlərdən Kamran Əmrahovun həyat yoldaşı Akifə Mehdiyeva olub. Təbii ki, onun fikirlərini də öyrəndik. Və Akifə xanım bunları söylədi:

“Düzdür, Qarabağ müharibəsi Ağdamda gəncimizin şəhid edilməsi ilə başlamışdı, Xuraman Əliyeva yaylığını camaatın ayağının altına atıb, milləti sakitləşdirəndə. Amma Qazaxda vəziyyət lap pis idi. 1990-cı il, mart ayının 24-ü Bağanıs Ayrımda insanların, evlərin yandırılması Qarabağ müharibəsinin qığılcımlarından idi. Od-alov Qarabağla bir yerdə Qazaxda da başlamışdı. Yoldaşım Kamran, qaynım Bəxtiyar Əmrahovlar, onların xalası oğlu Xəqani Sanıyev həmin günlərin qurbanlarından oldu.

Sanıyev Xəqani Şəmsəddin oğlu Qazaxda yaşayırdı. Müəllim idi. Həmçinin jurnalist kimi fəaliyyət göstərirdi. Bölgələrə gedib, sərhədlərə baş çəkirdi. Könüllü özünü müdafiə dəstəsi var idi, kəndlərin müdafiəsi ilə məşğul idi. Kamranla Bəxtiyar hər gün ondan məlumat alırdılar.
Ora tək bunlar ha getməmişdi. Qazağın bütün kəndlərindən,  Gəncədən üzü  Gürcüstana qədər nə qədər insan bir-birilərinə qoşulub köməyə getmişdilər. Sadəcə, bunlar tələyə düşmüşdü. Yollara böyük turbalar uzadıblarmış və bunlar onu görməyib. Elə orada mühasirəyə alıb, tutublar. Ordan salamat qayıdan nə qədər insan özü-özünə qurban kəsmişdi ki, o təhlükədən sovuşa biliblər.
Bəli, onların axtarışında şəxsən iştirak etmişəm. Qarbaçova dəfələrlə yazdığımız məktubların və teleqramların nəticəsi olaraq Şatalin adlı hərbiçi gəlmişdi. Deyəsən Azərbaycan üzrə kurator idi. Moskvadan dəvət etmişdik, Simirnov adlı müstəntiq də gəlmişdi. Dəqiq yadımdadır, Ukraynadan da müstəntiqlər gəlmişdilər. Qazaxda dəfələrlə ermənilərlə də görüş keçirilib. Biz tərəf də erməniləri əsir almışdı. Qırmızı Körpüdən, Rus maşınlarından da erməniləri tutmuşdular. Həmin Xəqani Sanıyevin evində onları əsir kimi bir xeyli saxladıq. Sonra gedib erməni qəzetlərində bu barədə yazmışdılar. Onlara rus dilində məktub yazdırıb, ermənistana yola salırdıq. Ki, bizi burda əsir saxlayıblar, bizə filan əsirlər barədə məlumat yazın. Amma heç onlara da sahib duran olmadı. Gördük bunlara heç reaksiya verən yoxdur, axırda aparıb sərhəddən buraxdıq ki, uşaqlısınız, çıxın gedin.

Rəhmətlik İsmayıl Şıxlı ilə, Alı Mustafayevlə, Qazağın keçmiş katibi Bəkir müəllimlə bir yerdə sərhəddə, İcevanda ermənilərlə görüşə getmişik. Düzdür, əsirlərdən dəyişdirilən də oldu, amma bizimkiləri gördüm deyən olmadı.  Ermənilərin dedikləri bu son söz heç yadımdan çıxmır: Ob etom razqovor zakonçen. Trup vıveden so storonı boyevikov.
Və sonradan öyrəndik ki, hər üçünü elə həmin gün güllələyib, yandırıblar”.

Faciədən beş ay sonra, 1990-cı ilin avqust ayında düşmən Bağanıs Ayrıma yenidən soxuldu. Çaylı sakinlərini əsir aldıqları yerdə yenə avtobusdakı dinc insanlara hücum etdilər. Həmin qəfil hücumda ermənilərlə sonadək döyüşüb, 9 güllə yarası alan Çingiz Məmmədovun qardaşı Xanlar Məmmədov bildiklərini bizimlə bölüşdü:

“Bu mövzunu hələ çox işləmək lazımdır. Bağanıs Ayrım hətta Qarabağdan da əvvəl işğal edilib. Düzdür, martın 24-ü tam işğal olunmadı, sonra işğal olundu. Amma yenə də ilk hadisələrdəndir və ilk işğaldır.
Avqust ayının 19-da mənim qardaşımın da yaralandığı hadisə baş verdi. Aşağı Əksiparadan Yuxarı Əksiparaya gedən yolda dinc əhali ilə dolu avtobusa ermənilər hücum etdi. Çaylıdan olanlar da orada əsir düşmüşdü. Tarixi ağalardan olan Səməd ağa güllələndiyi yerdir deyə “Səməd ağa vurulan dərə” adlanan bir yerdir. Kəskin bir dərə var deyə qarşını görmək olmur.  O yolun uzunluğu təxminən 5 km idi, onun da yarıdan çoxu ermənilərin içindən keçir.  Oranı keçmək üçün avtobusu milis zabiti və iki milis serjantı müşahidə edirdi. Amma həmin gün zabit getməmişdi. Milis serjantları Şamoy Çobanov və qardaşım Çingiz Məmmədov getmişdi. Ermənilər avtobusun qabağını kəsib, təslim olmaqlarını istəyib, amma bunlar təslim olmayıb, sonadək döyüşüblər. Təxminən yarım saat döyüşdən sonra asetin millətindən olan  Ruslan adlı zabit Yuxarı Əksiparadan BTR-də pulemyotla ata-ata gələrək erməniləri qovmuşdu. Avtobusun şəklini görsəniz inana bilməzsiniz ki, oradan sağ adam çıxıb. Avbusda gedən insanlardan da ölən var idi.  Milli Qəhrəman Şamoy Çobanov həmin döyüşdə şəhid olmuşdu. Qardaşım Çingiz isə 9 güllə yarası ilə ağır yaralanmışdı.
Avqustdakı hücumda kəndə təxminən 20 rus əsgəri də gəlmişdi. Kəndimizdə balaca baxça var idi. Orada yerləşmişdilər. Deyim ki, onlar da erməni xüsusi təyinatlıları ilə, habelə qarşı tərəfdəki ruslarla döyüşdü. Lipatov adlı baş leytenant başından yara aldı və öldü.

Ümumiyyətlə o vaxt silah təkcə milislərdə idi deyə, döyüşən də milislər idilər. Düzdür, qardaşım barədə çox yazılıb. Ən çox da jurnalist Sərhəd Məmmədov “Şəhid və şahid”  başlığı ilə. Amma Bağanıs Ayrım və Qazağın 7 kəndi barədə hələ çox yazılmalıdır.

P.S. Bildiyi faktları olduğu kimi gələcək nəsillərə çatdırmaq üçün, işlərini bir kənara qoyub, bizimlə görüşə gələn keçmiş hərbiçi Xanlar Məmmədova və bütün digər danışanlara təşəkkür edərək deyim ki, bu mövzu doğrudan da hələ çox işlənməlidir. Amma təəssüf ki, Qarabağ danışıqlarında Qazağın yeddi kəndinin adı demək olar ki, heç çəkilmir.


"CARÇI" Araşdırma Mərkəzinin sədri Sərxan Carçı