Falkao “Qalatasaray”dan gedir


Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Radamel Falkao mövsümün sonunda İstanbul təmsilçisini tərk edəcək.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli hücumçu maaşının azaldılması ilə razılaşmadığı üçün komandadan ayrılmağa qərar verib.

Cənubi amerikalı karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək niyyətindədir. O, “Əl-Hilal” klubundan gələn təklifə ilkin razılıq verib.

Müqaviləsi başa çatdıqdan sonra uzadılmayacaq Bafetimbi Gomisə əvəzləyici axtaran Asiya təmsilçisi Falkaonun keçidi ilə bağlı “Qalatasaray”ın da razılığını alıb.

Super Liqanın son çempionu isə kolumbiyalının yerinə İtaliya “Breşiya”sının üzvü Mario Balotellini heyətinə qatmaq niyyətindədir. Artıq onun keçidi ilə bağlı danışıqlara da start verilib.

“Qalatasaray” rəhbərliyi həm də Qomisin “Əl-Hilal”dan geri dönməsini də əleyhinə deyil. Müqaviləsi başa çatacaq futbolçu azad agent kimi İstanbula qayıda bilər.

Qeyd edək ki, mövsümün əvvəlində azad agent kimi “Qalatasaray”a keçən Falkao bir müddət zədələrdən əziyyət çəksə də, sonradan məhsuldarlıq nümayiş etdirərək 14 matça 9 qol vurub.