“Sürücü yazıq nə etsin ki?” - Nəqliyyat eksperti sərnişinlərə səsləndi


İnsanlarıın ən çox istifadə etdikləri nəqliyyat vasitələri sərnişindaşıma avtobuslarıdır. Karantin rejimi dövründə də avtobus salonları yenə sərnişinlərlə doludur.

Deməli, xüsusi rejimin tələblərinə nə sürücülər əməl edir, nə də sərnişinlər. İnsanların bir-birilərindən 2 metr məsafə saxlamasından isə, ümumiyyətlə söhbət gedə bilməz. Niyə tələblərə əməl olunmur? Nə üçün insanlar özlərinin və ətrafdakıların sağlamlığını təhlükəyə atırlar? Günah növbəti nəqliyyat vasitəsini gözləməyə səbri çatmayan sərnişində, yoxsa sərnişin sayı üçün müəyyən olunmuş normanı pozan sürücüdədir? 

 Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov “Sherg.az”a açıqlamasında karantin rejimində bütün avtobusların ləğv edilməsinin çətin olduğunu deyib:

“Elə peşə sahibləri var ki, onlar fəaliyyətlərinə davam edirlər və işə avtobuslarla gedirlər. Yəni avtobusların ləğv olunması düzgün deyil. Sadəcə nəqliyyat hərəkətliliyini nəzərə almaq və yalnız xüsusi marşrut xətləri üzrə avtobusları istifadəyə vermək lazımdır. İkinci bir variant kimi isə müəssisələrin öz avtobusları ilə işçiləri daşımasını təklif edə bilərəm. Nəzərə almaq lazımdır ki, heç də hər kəsin şəxsi maşını yoxdur”. 

 F. Eyyubov düşünür ki, karantin rejiminin pozulmasında bütün təqsir sərnişinlərin öhdəsinə düşür:

“Sürücü yazıq nə etsin ki? Bütün günü xəbərdarlıqlar olunur ki,  qaydalara əməl etmək lazımdır. Sərnişin özü məsuliyyətini başa düşməlidir. Bakı Nəqliyyat Agentliyini, Dövlət Yol Polisini də qınamaq olmaz. Onların da işi çoxdur, gücləndirilmiş rejimdə çalışırlar. Bəlkə, sürücülər də sərnişinlərə xəbərdarlıqlar edirlər. Amma sərnişin özü məsələnin ciddiliyini başa düşməyəndən sonra bütün bunların heç bir əhəmiyyəti olmur”.