Effektiv olacaq: "Dövlət dəstəyi proqramı böyük kütləni əhatə edəcək"

Ölkədə karantin rejimi ilə əlaqədar dövlət dəstəyinin göstərilməsi ilə bağlı 9 proqram hazırlanıb. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir.

Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib. Ümumilikdə, bu, 2,5 milyard manatlıq dəstək sistemidir və Azərbaycanın ÜDM-nin 3 faizini təşkil edir. İqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dəstək paketi nəzərdə tutulmayıb. Şəffaf işləyən sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcək. 300 mindən çox işçinin əmək haqqının bir hissəsini dövlət ödəyəcək. Birinci və əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramın fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir. Hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi (muzdlu işçi) var ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. 

Dövlət dəstəyi proqramını “Sherg.az”a dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, hazırda belə yardım paketi MDB məkanında yoxdur.



İqtisadçının sözlərinə görə, proqram böyük kütləni əhatə edəcək:

“İqtisadiyyat naziri televiziya vasitəsilə o cümlədən prezidentlə görüşündə proqramın əsas hissələrini açıqlamışdı. Ən çox və qismən ziyan dəymiş sahələrə həmin vəsaitlər maaş şəklində ödəniləcək.  Dəstək proqramına əsasən biznes kreditlərinin verilməsində və faizində müəyyən güzəştlər olacaq. Həmçinin işıq pulu ilə bağlı differensial olunmuş qaydada təkliflər hazırlanır. Ümumilikdə dəstək proqramı çox böyükdür. Proqram demək olar ki, əhalinin bütün təbəqələrini, karantin rejimindən ziyan çəkmiş vətəndaşlarımızı əhatə edəcək”.

İqtisadçı bildirib ki, ümumiyyətlə heç bir yerdə qeydiyyatda olmayan, amma həqiqətən də işsiz qalmış vətəndaşlarımız var:

“Onlar da nazirliyin yeni proqramındakı yardım paketindən yararlana biləcəklər. Bu baxımdan dövlət dəstəyi proqramı mühüm əhəmiyyət kəsb edir. Qısa zaman kəsiyində hazırlanmasına baxmayaraq proqramın effektiv olacağını düşünürəm”.