Ağıllı gediş: “Dövlət öz vətəndaşının və sahibkarların yanındadır”


Koronavirus təhlükəsi ilə bağlı yaradılmış İşçi Qrupu pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı 2.5 milyard manatlıq təkliflər barədə paket hazırlayıb. İşçi Qrupun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbaroviə bildirib ki, pandemiyanın milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyata göstərdiyi təsirlər artıb. Yaranmış vəziyyətə Azərbaycan hökuməti çevik reaksiya verib. Karantin rejiminin tətbiqi və sosial izolyasiya tədbirləri zəruri addım olaraq atılıb.

Karantin rejiminin tətbiqi, iqtisadi fəallığın məhdudlaşdırılması ilə bağlı qərarların qəbul olunması zamanı hökumət sahibkarlara və müəssisələrə müraciət edərək iş yerlərini ixtisar etməməyə və işçilərin əmək haqlarını ödəməyə çağırış etmişdi. Hazırlanmış dövlət dəstəyi mexanizmi bu çağırışlara əməl edən, iş yerlərini və əmək haqlarını qoruyub saxlamış sahibkarlara şamil ediləcək. Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan, fəaliyyətini “ağardan” sahibkarlar dövlət dəstəyi proqramlarından daha çox faydalanacaqlar. 300 mindən çox işçinin əmək haqqının bir hissəsini dövlət ödəyəcək. Birinci və əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramın fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir. Hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi (muzdlu işçi) var ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir.



Sahibkarlarla bağlı dövlət dəstəyi proqramının önəmindən "Sherg.az"a danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, İqtisadiyyat Nazirliyinin konkret istiqamətlər üzrə təklifləri çox ağıllı gedişdir.
Professor bildirib ki, layihələrə 2,5 milyard manat vəsait sərf olunsa belə bu proqram iqtisadiyyatı iflasdan xilas edəcək: 

"Hazırda atılan addımlar çox önəmlidir. Yaranmış vəziyyətə görə ticarət dövriyyəsi aşağı düşüb və Ümumi Daxili Məhsulun faizi enib. Belə məqamda dövlətin ölkə iqtisadiyyatına, sahibkarlara  xüsusi dəstəyi həyati əhəmiyyət kəsb edir. Bununla xırda və orta sahibkarlığın inkişafını təmin etmək mümkün olacaq. Dövlət gələcək iqtisadiyyatın ciddi ziyan görməməsi üçün zəruri addımlar atır. Görülən tədbirlər çox əhəmiyyətlidir və bunlar göstərir ki, dövlət öz vətəndaşının və sahibkarların yanındadır. Bütün hallarda gələcəyimizi indidən proqnozlaşdırmalıyıq".  

C.Nuriyev bəyan edub ki, hökümət bu sahədə çox ciddi işlər görür: 

"Şükürlər olsun ki, başqa dövlətlərlə müqayisədə bizdə yoluxma və ölüm halları çox azdır. Lakin heç kim heç nədən sığortalanmayıb. Dünyaya meydan oxuyan Amerika Birləşmiş Ştatları belə bir virusun əlində əsir-yesir qalıb. Əslində Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün yaxşı şərait yaranıb. Çünki insanlar adətən çətinə düşəndə yeni məsələlərlə bağlı düşünməyə başlayırlar"..

Professor pandemiyanı ciddiyə almayan insanlara çağırış edib: 

"İnsanlarımız məsuliyyətsiz davranmağa öyrəşiblər. Ona görə ki, indiyə kimi heç bir məhdudiyyət və qadağa görməyiblər. Camaatdan xahiş edirəm ki, hökumətə dəstək olsunlar. Əgər dövlət kritik zamanlarda bizim yanımızdadırsa, onda biz də dövlətin yanında olmalıyıq".