Dövlət bütün imkanlarını işə salıb: “Maddi təminatla bağlı planlar qurulur”

Əziz Əlibəyli: “Başqa yolu yoxdur, bütün cəmiyyət buna qalib gəlmək üçün dövlətin yanında olmalıdır”


Koronavirus dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha ciddi tədbirlər görməyə məcbur edir.
Azərbaycanda da koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər. Statistik göstəricilərə görə, ölkəmiz real təhkükə mərhələsinə qədəm qoyub. Yoluxma və ölümlərin sayı artır,  bundan sonra da çoxalacağı ehtimal olunur. Artıq hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir. ÜST və Operativ Qərargahın tövsiyələrinə uymayan  məsuliyyətsiz davranış sərgiləyəm insanlar özlərinin  və ətrafındakı şəxslərin həyatını riskə atır.

Mövcud təhlükə barədə "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Əziz Əlibəyli deyib ki, hazırda dünyanın taleyi hər bir fərdimizdən asılıdır.
Ekspert vurğulayıb ki, o baxımdan dövlət təkcə inzibati yolla addımlar atmır, həm də KİV-lər vasitəsilə maarifləndirir: 
"Hökumət və media insanları diqqətli olmağa çağırır. Amma bu mümkündürmü?
Böyük ölçüdə mümkündür, lakin müəyyən məqamlar var. Məsuliyyətsizliyi sayəsində insanların həyatını təhlükəyə atan fərdlər var. Onları ya qaydalara nəzarət etməyə məcbur qoymaq lazımdır, ya da hüquqlarını qaydalara uyğun məhdudlaşdırmalıyıq. Baxın, ABŞ-ın, İtaliyanın, Ermənistanın vəziyyətinə. Hadisələr nəzarətdən çıxıb, bütün ölkələr virusun cəngində can verir. Bizdə isə geridönüş etmək üçün dövlət bütün imkanlarını işə salıb. Sosial proqramlar daxil, maddi təminata qədər planlar qurulur. Başqa yolu yoxdur, bütün cəmiyyət buna qalib gəlmək üçün dövlətin yanında olmalıdır. O baxımdan bunun üçün ən böyük  xidmət “Evdə qal”dır".