İnternetin sürətindən şikayətlər səngimir - Tısbağa yerişi ilə...

Mirakif  Babayev: “Quraşdırılan aparatın keyfiyyətindən əmin olmaq lazımdır” 

Son günlər vətəndaşlar internetin sürətindən şikayət edirlər. Doğrudan da, hansısa səhifənin yüklənməsi üçün bəzən yarım saata yaxın gözləməli oluruq. Karantin rejimi ilə əlaqədər evdən çölə çıxa bilməyən insanlar vaxtlarını keçirmək üçün internet səhifələrinə “pənah gətirirlər”. Amma internetin tısbağa yerişi ilə müqayisə oluna biləcək sürətini görüb, məyus olurlar. Ucqar kənd rayonlarında isə vəziyyət daha bərbaddır. 


 Vətəndaşların narazılığını nəzərə alaraq problemlə bağlı BDU-nun Jurnalistika fakültəsinin baş müəllimi Mirakif  Babayevin fikirlərini öyrəndik. O, “Sherg.az”a açıqlamasında bunu tələbatın çox olması ilə əlaqələndirdi: 

“Bildiyiniz kimi, indi hamı evdədir. Hər birimiz internetdən istifadə edirik. Karantin rejimi elan olunana kimi çoxlarımız işə gedirdik və internetdən istifadə etməyə vaxt olmurdu. İndi isə internet yüklənir və bu da sürətə mənfi təsir göstərir. Təbii ki, internet şəbəkəsinə nə qədər çox istifadəçi qoşularsa, sürət bir o qədər azalar. Həm də quraşdırılan aparatın keyfiyyətindən əmin olmaq lazımdır”.