Proqramlar paketi təqdir olundu: “Kifayət qədər effektivdir”


Fariz Yadigarov: “Qeyd olunan proqramların maliyyələşdirilməsi üçün ayrılan vəsait dövlət üçün gözlənilməz xərc olsa da, dövlət tərəfindən bu tədbirlərin görülməməsi dövlət büdcəsinə daha çox ziyan verə bilərdi”



Bütün dünyada, o cümlədən də ölkəmizdə ən aktual ictimai müzakirə obyektlərindən biri və bəlkə də birincisi koronavirus pandemiyasıdır. Bu təhlükə bir çox sahələrdə olduğu kimi bütünlükdə dünya iqtisadiyyatına da mənfi təsirlərini göstərməkdədir. Hətta problemin miqyası o qədər genişlənib ki, bütün dövlətləri, habelə beynəlxalq təşkilatları bununla bağlı xüsusi operativ proqramlar qəbul etməyə sövq edib.
Pandemiya təhlükəsi ölkəmizdən də yan keçmədiyinə görə bu sahədə Azərbaycan hökuməti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Xüsusilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamını qeyd etmək lazımdır. Həmin sərəncamla mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlərin aradan qaldırılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlığının təmin edilməsi məqsədilə çoxistiqamətli tədbirlərin görülməsi üçün hökumətə konkret tapşırıqlar verilib.

Həmin sərəncamla iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı qısa müddət ərzində İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif istiqamətləri əhatə edən proqramlar paketi hazırlandı və ölkə prezidentinə təqdim olundu.

Dəstək proqramlarının mahiyyətini şərh edən tanınmış vergi mütəxəssisi, EKVİTA Consulting şirkətinin əməkdaşı Fariz Yadigarov “Sherg.az” asöyləyib ki, son dövrlərdə mütəmadi olaraq dövlət tərəfindən iqtisadi və sosial sahələri əhatə edən xeyli sayda qısa və uzunmüddətli layihələr, proqramlar qəbul olunub və bu istiqamətdə işlər davam etdirilir:

“Lakin, 2020-ci ilin əvvəlindən məlum amillərin təsiri nəticəsində qarşılaşdığımız bu gözlənilməz vəziyyət təbii ki, hökumət tərəfindən daha ciddi, operativ addımlar atılmasını zəruri edir. Bu baxımdan, qeyd olunan proqramlar paketinin əhəmiyyətini istər çox qısa müddətdə hazırlanması, istərsə də müəyyən olunmuş müvafiq istiqamətlər üzrə həyata keçiriləcək tədbirlərin kompleksliyi, habelə məlum problemin təsir etdiyi əksər iqtisadi-sosial sahələri əhatə etməsi baxımından xüsusi vurğulamaq lazımdır”.

Fariz müəllimin fikrincə, dövlət tərəfindən belə mühüm addımın atılması qeyd olunan subyektlər üçün həyati əhəmiyyətə malikdir və yüksək qiymətləndirilməlidir:

“Çünki analoji böhran vəziyyətlərində iqtisadi subyektlər daha çox ilkin emosional reflekslərinə görə tələsik qərarlar verirlər. Və təəssüf ki, bu zaman atılan ilk addımlardan biri məhz işçi sayının azaldılmasıdır. Bununsa hansı nəticələrə gətirib çaxaracağı məlum məsələdir. Məhz bu baxımdan, dövlət tərəfindən indiki həsas məqamın nəzərə alınması və bununla bağlı profilaktik tədbirlərin görülməsi yalnız təqdir olunmalıdır”.

Proqramların hər birini yüksək qiymətləndirən F. Yadigarov burada nəzərdə tutulan müvafiq vergi güzəştlərini və bank və ipoteka kreditləri üzrə dəstək tədbirlərini xüsusi dəyərləndirib:

“Ölkədə xüsusi karantin rejimi tətbiq edildiyi üçün əksər sahibkarlıq sahəsində fəaliyyət ya məhdudlaşdırılıb, ya da tamamilə dayandırılıb. İqtisadi baxımdan yanaşsaq, bu vəziyyət öz növbəsində həmin subyektlərin iqtisadi dövriyyələrinin kəskin azalmasına, həmçinin fərdi sahibkarlıqla məşğul əhalinin gəlirlərinin azalmasına və yaxud olmamasına gətirib çıxarır.  Bu subyektlərin əsas maliyyələşmə mənbələrindən biri məhz bank kreditləridir və bu durum həmin kreditlərin qaytarılmasında problemlər yaradır. Nəticə etibarilə daha ciddi iqtisadi problemlərin yaranmasına səbəb olur.
Hesab edirəm ki, qeyd olunan proqramların maliyyələşdirilməsi üçün ayrılan vəsait dövlət üçün gözlənilməz xərc olsa da, dövlət tərəfindən bu tədbirlərin görülməməsi dövlət büdcəsinə daha çox ziyan verə bilərdi. Bu nöqteyi nəzərdən hazırlanan dəstək proqramı və nəzərdə tutulan tədbirlər müvcud vəziyyətdə kifayət qədər effektivdir”.