Dövlətə dəstək verək! - “İkiqat müharibə şəraitindəyik”

"Bir yandan passiv formada davam edən Qarabağ müharibəsi ilə, digər tərəfdən isə koronavirusun yaratdığı müharibə vəziyyəti ilə üz-üzəyik”


"Hamımız karantin qaydalarına əməl etməliyik".

Bunu "Sherg.az"a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

Partiya rəhbəri bildirib ki, bu gün biz ikiqat müharibə şəraitindəyik

"Bir yandan passiv formada davam edən Qarabağ müharibəsi ilə, digər tərəfdən isə koronavirusun yaratdığı müharibə vəziyyəti ilə üz-üzəyik. Bildiyimiz kimi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu virusu pandemiya elan edib. Yəni söhbət bütün bəşəriyyəti təhdid edən kütləvi bəladan gedir. Ancaq biz hazırda dünyanı cənginə alan bu pandemiyanın nə qədər davam edəcəyi ilə bağlı hələ ki, dəqiq, konkret bir fikir söyləyə, hər hansı bir proqnoz verə bilmərik. Açığı, indi önəmli olan heç bu pandemiyanın nə vaxt bitəcəyi məsələsi də deyil. Hazırda ən ümdə məsələ bu kritik günlərdə ölkə əhalisinin sağlamlığını qorumaq, koronavirusun vətəndaşlarımız arasında total şəkildə yayılmasının qarşısını almaqdır. Məhz bu məqsədlə də Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Bu qərargah ölkədə koronavirus infeksiyasının geniş yayılmasına qarşı təxirəsalınmaz tədbirlər həyata keçirir. Həmçinin, vacib qərarlar qəbul edir, vətəndaşlar arasında maarifləndirmə işləri aparır. Bütün bu işlər xüsusi karantin rejimində həyata keçirilir".

Ə.Hüseynov hökumətin bu istiqamətdə gördüyü işləri yetərli və səmərəli hesab edir: 

"Zənnimcə, görülən önləyici tədbirlər və sosial izolyasiya siyasəti hazırkı situasiyaya tam uyğundur, adekvatdır. Pandemiya təhlükəsi artdıqca Operativ Qərargahın gərəkən önləyici tədbirlərin miqyasını genişləndirməsi və sərtliyini artırması da tamamilə normal qarşılanmalıdır. Hesab edirəm ki, bu gün heç kim karantin qaydalarının sərtləşdirilməsindən şikayət etməməlidir. Sadəcə olaraq hamımız bir nəfər kimi karantin qaydalarına əməl etməliyik".

Siyasi şərhçiyə görə, əgər özümüzün, doğmalarımızın və millətimizin sağlamlığını, təhlükəsizliyini düşünürüksə, hökumətin atdığı addımlara anlayışla yanaşmalıyıq: 

"Hökumətin qərarlarına riayət etməliyik. Bu çətin günlərdə dövlətin siyasətini, Prezidentin qərarlarını sabotaj edənlər, ərzağın və digər zəruri vasitələrin qiymətini süni surətdə qaldırıb möhtəkirlik edənlər də sərt şəkildə  cəzalanmalıdır. Koronavirusa qarşı mübarizə hər birimizdən vətəndaş məsuliyyəti tələb edir. Bu gün vətəndaş məsuliyyətimizi və həmrəyliyimizi nümayiş etdirməyin tam zamanıdır. Hamımız dövlətin gördüyü işlərə dəstək verməliyik. Mən əminəm ki, dövlətlə xalqın həmrəyliyi sayəsində biz bu sınaqdan da üzüağ çıxacağıq".