Paradoks ! -  Analitiklər, sosioloqlar, müğənnilər, aparıcılar maskasız… - Virusla zarafat olmaz !


Koronavirusla mücadilədə ağır şərtlər altında çalışan həm də mediadır. Heç bir təhlükə medianı, ictimaiyyətə xəbər ötürmək vəzifəsi daşıyan insanları  işlərini icra etməkdən çəkindirmir. Bu, hər zaman belə olub. Jurnalistlər, operatorlar həmişə ən qızğın və real təhlükə nöqtələrinə gedib. Qarabağ müharibəsində də belə idi. Koronavirus müharibədən bəlkə daha təhlükəlidir, çünki məkrlidir – gözə görünmür.  İctimaiyyət doğru məlumatlansın deyə  “evdə qal”ı evdən çıxmağa tərcih edən jurnalist harada, necə yoluxa biləcəyini ağlına da gətirmir. Çünki işləməlidir. İndiki şəraitdə şükür ki, texnologiyanın verdiyi üstünlüklər mövcuddur. Onlayn qaydada informasiya yaymaq imkanları genişdir və hazıda çap mediası da onlayn fəaliyyətə keçib, məsafədən – distant vəziyyətdə çalışır. Televiziyalarımızın, telejurnalistikamızın üzərinə də bu çətin, ağır günlərdə böyük məsuliyyət düşür və onlar da vəzifələrinin öhdəsindən şərəflə gəlirlər.

Bir-iki nüansı çıxmaq şərtilə. Bu da bir sıra telekanallarda canlı elan olunan verilişlərə ekspert qismində qonaqların, həmçinin müğənni, aktyorların dəvət edilməsidir. Bəzisi əlcək taxır, bəzisi qoruyucu maskanı da reklam vasitəsi kimi istifadə edir. Bizim şou-biznes nümayəndələri belə işlərdə çoxdan püxtələşiblər.  Lakin virusla zarafat olmaz

Tamamilə mümkündür ki, bu qonaqlar, müğənnilər studiyaya təşrif buyurduqda qapıdaca spirtlənirlər və ya evdən spirtlənib çıxırlar. Avtomobilləri də var. Kütlə ilə təmas sıfırdı. Amma bu insanların  yoluxmuş olmadığı, virus daşıyıcısı olmadığı nə məlum?

Studiyada nə qədər əməkdaş çalışır. Onların gözəgörünməz virusa yoluxdurulmayacağına təminat varmı? İnternet resursların bunca əhatəli, çoxşaxəli olduğu bir zamanda niyə tv-lər studiyaya birbaşa onlayn bağlantılar təşkil etmir? Bu daha effektiv, “evdə qal” çağırışlarına da daha düzgün riayət edilməsi olmazmı?

Məlumdur ki, Milli Teleradio Şurası bir müddət öncə KİV-ə çağırış etdi. O cümlədən də ölkə ərazisindəki teleyayımçılra.  Müraciət keçirdiyimiz çətin günlərdə medianın vəzifə məsuliyyəti barədə idi. Görünən budur ki, qaydaları pozan elə tv-yayımçılardır.  Başqa vaxt milli kinolarımızı ard-arda düzən, efir vaxtını sovetdənqalma filmlərlə dolduran eleviziyalarımız indi niyə bundan istifadə etmir və ya az, gərəkən şəkildə istifadə etmir? Filmlər bir yana. Nə qədər sənədli filmlər, dünyanın məşhur prodakşnlarının ərsəyə gətirdiyi bəlgəsəllər var. Hər sahə barədə. Onları efirə vermək olar. Maraqlı, maarifləndirici çəkiyə malik və yaxud əyləncə xarakterli proqramları təkrar efirdə yayımlamaq olar. Ən əsası da texniki imkanlardan  istifadə edib, onlayn bağlantılar yaratmaq. TV-lərimiz niyə bunu unudur?       


Peşəkar jurnalist Vəfa Allahverdiyeva bu suala cavab arayıb.  
-Belə görünür ki, koronavirus pandemiyası hamının eyni dərəcədə fobiyası deyil.  Hamının  gözü eyni şəkildə bəsirətli də deyil. Dünya kiçik, fəqət təhlükəli   mikroorqanizmlə gələn sirli bir bəla ucbatından elə miskin görünməyə başlayıb, dünya sonunda hələ də parlaq işıq görünməyən elə bir qaranlıq tunelə girib ki, bu vəziyyətin bir parçası  da bizik, amma toplum bütünlüklə məsələnin ciddiyyətini dərk edirmi? Təəssüf dərk etmir!  
Bir fəlakət başqa hansı fəlakəti doğurur, yaxud doğura bilər, idrak edirmi? Etmir!  Neçə vaxtdır, infeksiyadan qorunma mesajlarından, təlimatlarından daha çox,  insanlara  “çölə çıxmayın!”,  “özünüzü və yaxınlarınızı təhlükəyə sürükləməyin!”, deyə rəsmi çevrələrdən, sosial şəbəkə platformasından ard-arda  xitablar var! Xahişlər, xəbərdarlıqlar, bəzən də yalvarışlar.  Elə bil, azyaşlı  uşağa təpinirsən, ona  qadağa qoyursan! Çünki  pandemiyanın vahimliyini anlamaq məsələsi kütləvi deyil.   
Artıq inzibati tədbirlər sərtləşdirilir, çünki yanlışın qarşısını almağın bir yolu da bu! 
Adamları hərəkətə gətirmək, yəni doğrulara sarı çəkməyin bir yolu da qorxudur!  İtaliyanı, İspaniyanı...aç şəkillərlə qarşısına qoy, statistikanı xatırlat, viruslu insanın iniltisini göstər,  nə edir, yenə qorxmur; dərhal bir karikatura hazırdır! İki dəqiqənin içində elə komik videolar hazırlanır, elə zarafatlar, elə  lətifələr, elə lağ-lağı statuslar!!!  Amma iki dəqiqənin içində hamıya dərin düşüncə gəlmir.  Hər şey var, qorxudan başqa! Məsuliyyətdən başqa! Ciddilikdən başqa! Niyə? Bəlkə də paradoksallar çoxdur, ondan! 
Televiziyalar əvvəlki qayda ilə işləyir

-Nədir paradoks?  Belə bir situasiyada birinə imtiyaz tanımaq, digərinə  yasaqlar tətbiq etmək  virus xofunu aşağı salar, əlbət.  Hamı evə girməlidir, amma  hamı girmir. 

Bir qrupa iş var, bir qrupa yox.  Elə konkret media. Çap mediası dayanıb; bütün gücünü elektron versiyaya qoyub;  televiziyalarsa  əvvəlki tempində, bəlkə çox-çox az bir dəyişiklik fərqi ilə işləyir.  Televiziyalar işləyir deyəndə, elektron media,  əlbəttə qapana bilməz: çünki, həm əyləndirməlidir ki, evə məhkum olan toplum darıxmasın! Amma fondda saxlanılan yerli və xarici filmlər, konsert proqramları ilə...

Həm də və daha çox maarifləndirməlidir, çünki ondan yaxşı vasitə yoxdur.  Sosial çarxları təqdim etsin, indiki situasiyada yaxşı məsləhətlər versin, xəbərlər çatdırsın.  Video-bağlantı, çeşidli texnoloji imkanlar, müxtəlif distant platformalarla. Amma studiyaya ekspert dəvət etməklə yox!
Tanınan-tanınmaz, sevilən-sevilməz sənətçilərin ayağı bu dar günlərdə də teleməkanlardan kəsilmir.  Mətanətin, qeyrilərinin qorxa-qorxa televiziyaya təşrif buyurub, aparıcı ilə nəfəs-nəfəsə kəlmə kəsməsi, əyləndirmək üçün bir mahnı təqdim etməsi indi kimsəyə maraqlı deyil. Onsuz da oxunan mahnı da fonoqramdır.   Texniki imkanlar bolkən, mütləqdirmi  hər verilişin qonağı olsun-mütəxəssis, həkim, artist,  jurnalist, müəllim, hətta komitə sədri, yüksək, qeyri-yüksək ranqlı  məmur?  Aradakı məsafə azı  2 metr olmalı deyildimi? Amma, baxırsan, məsafə yarım metr!  Deyirlər, bu virus üçün kütləvi yığışmaq olmaz. Doğru, tamaşaçı auditoriyası daha verilişlərdə yoxdur, lakin bir verilişdə aparıcı qarışıq  altı  adam varsa.... qoruyucu maskadan istifadə edilmirsə,  mikrofonlar əlcəksiz əllə tutulursa,  bura  təhlükədən sığortalımı?  O altı adam neçə altı adamla, həmin altı adam da daha neçə-neçə insanla hər gün ünsiyyətə girir.  Zəncirvari təhlükə yəni...   Bir saat hamı danışır - hündürdən. Bu virus tüğyan etməzmi o studiyada?  İndiki həyəcanlı çağırışlara zidd olan hal budur,  diqqətdən yayınmır, karantin məsələlərinə məsul tərəfsə deyəsən, gözqabağındakı bu boyda xətanı görmür!  
Televiziyalar fədakardır- müharibələrdə öndədir, təbii fəlakətlərdə öndədir, hər yerdə hər zaman qabaqdadır.  Pandemiya isə nə müharibədir, nə təbii fəlakət-bəlanın daha ağırıdır, televiziya üçün də  məsafədən çalışmaq və ya fəaliyyətinin qonaq qismindən  imtina etməsi   mütləq şərtdir.   Axı özün əməl etmədiyin qaydaları kütlə psixologiyasına necə yeridə bilərsən! Aparılan maarifçiliyin nə əhəmiyyəti olur onda!   

Analitiklər, sosioloqlar, müğənnilər maskasız…

V.Allahverdiyeva eyni vəziyyətin qonşu ölkə tv-lərində də müşahidə edildiyini deyir:

- Maraqlıdır ki, Rusiya, Türkiyə televiziyalarında da müşahidə olunur. Rossiya 1, NTV, TRT xəbər, TRT və onlarla televiziya şirkətlərində məhz pandemiya mövzusunun qonaqlarla müzakirəsi keçirilir, amma pandemiya şəraitindəki normalar gözlənilmir.  Açıq ziddiyyət! Siyasi analitiklər, sosioloqlar  maskasız...  mübahisə edirlər, biri  qışqıra-qışqıra, digəri ahəstə-ahəstə; məsafə  heç bir metr də deyil. Yəni, ziddiyyətli mənzərə: bir tərəfdə evlərə məhkum edilmiş, əl yumaq xəstəliyinə çevrilmiş insanlar, digər tərəfdə işinin başında adamlarla qarşı-qarşıya müzakirədən qorxmayanlar.  Əgər ölkələrdə dövlət strukturlarının fəaliyyəti onlayn müstəvidən idarə olunursa, baş nazir texnoloji vasitələrlə tapşırıqlar verir, məruzələr dinləyirsə, Azərbaycan qarışıq dünyanın televiziya jurnalistikasının qəhrəman kimi meydanda qalması məntiqli deyil, əksinə absurddur, virusla bağlı qorxunc xəbərdarlığa görə təhlükəlidir!   

Koronavirusun dəhşətinə  ona görə hamını  eyni dərəcədə inandırmaq olmur. Düşünürsən, biz həqiqətənmi  bir bəlanın içindəyik, elədirsə, niyə hamı qorxmur,  yoxsa ortada hansısa görünməyən bir kələk var?..

Bu boyda dünyanın  bir-birindən qopması, dövlətlərin, insanların bir-birindən perik, dünyanın süst düşməsi isə ondan xəbər verir ki, dünya batır-hər mənada!  Belə bir faciəli durumda özünü qismət deyilən mücərrədliyin ixtiyarına verib, nə olacaqsa, olacaq demək, təkcə özünün taleyini bitirmək deyil, ətrafdakı dost, doğma, onlarla insanın, bütövlükdə toplumun taleyini də qaraltmaqdır. 
Allahsa özü-özünə kömək edənə kömək edir.  Gerçək budur!