Karantin dövründə  jurnalistlərə istisna doğru qərardır

 Baş redaktorlar hesab edir ki, bu çətin dönəmdə informasiya təminatı çox vacibdir

Koronavirus pandemiyasına qarşı tətbiq olunan karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Lakin bir sıra strateji və həyati əhəmiyyət kəsb edən qurumların məhdud fəaliyyətinə icazə verilib.

Hərəkətinə məhdudiyyət qoyulmayan peşə sahibləri sırasında media nümayəndələri də var. Əksəriyyət haqlı olaraq jurnalistlərin indiki dövrdə fəaliyyətini normal və hətta zəruri sayırlar. Çünki jurnalistlərin məlumatlandırma və maarifləndirməsinə ciddi ehtiyac var. Lakin bəzi media nümayəndələri hesab edir ki, bu amildən sui-istifadə halları ola bilər. 

Məsələn, tanınmış jurnalist Mahir Məmmədli reket saytların vəsiqə satışına başladığını yazıb. Onun sözlərinə ayın 5-dən Bakıda hamı "jurnalist" olacaq:


"Məncə, Operativ Qərargah siyahıya bir daha nəzər salmalıdır. KİV-in istisna siyahısına daxil edilməsi əlavə problemlər yaradacaq".

Digər bir həmkarımız Məhəmmədəli Qəribli də bu məsələyə toxunub. Jurnalist bəyan edib ki, sözügedən qərar "qara bazar"da jurnalist vəsiqəsinə olan tələbatı artırıb: 

"Şəxsən mənə jurnalistikaya aidiyyəti olmayan bir neçə nəfər zəng edib mediaya aid vəsiqəni hansı yolla əldə edə biləcəkləri ilə maraqlanıblar. Əminəm ki, MMC kimi qeydiyyatdan keçən, lakin media adına iddialı olan qurumun möhürünü gəzdirən şəxslər kütləvi şəkildə vəsiqə satacaqlar. Çünki belə yaramazlıq üçün münbit bazar, yəni tələbat var. Bu baxımdan da, həmin güzəştdən yararlana biləcək KİV-lərin konkret dairəsinin müəyyənləşməsinə ehtıyac var. Operativ Qərərgah bunu mütləq etməlidir. Yoxsa, bəzi işbazlar saxta jurnalist adı ilə virusun yayılmasına şərait yaradacaqlar".

M.Qəriblinin sözlərinə görə, o, buna etiraz əlaməti olaraq karantin dönəmində jurnalistlərə verilən güzəştdən, yəni vəsiqə təqdim etməklə 
sərbəst hərəkətdən istifadə etməyəcək.

Lakin əksər media rəhbərləri Operativ Qərargahın doğru qərar verdiyini bəyan ediblər.

Məsələn, "Bizimyol.info" saytınln baş redaktoru  Bahəddin Həziyev vurğulayıb ki, jurnalistlərə istisna doğru qərardır: 


"Ancaq doğru icra olunmalıdır. Jurnalist vəsiqəsi olanı polislər Vergi Xidmətinin bazasına inteqrasiya edərək əmək müqavilələri əsasında yoxlaya bilər. Aprelin 1-dək olanlar əsasında bu, həyata keçirilə bilər. Başqa qanuni yolları da var".

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev də qərarın doğru olduğunu düşünənlərdəndir: 


"Bu çətin dönəmdə informasiya təminatı çox vacibdir. Kimsə bundan sui-istifadə etməyə çalışacaq deyə, doğru olan qərar niyə dəyişdirilməlidir ki? Mən də Bahəddin müəllimin fikri ilə razıyam. Əmək müqavilələrinin qeydiyyatı aparılan elektron sistemlə dəqiqləşmə aparmaq olar".