SOS: Koronavirus və saxta spirtdən ölənlərin sayı eynidir


 Bakının bir sıra apteklərində tibbi - etil adı altında satılan metil spirtindən zəhərlənmə nəticəsində daha iki nəfər ölüb. Bu günə qədər zəhərlənən 12 nəfərdən 7-si həyatını dəyişib. Bu barədə Azərbaycanın baş toksikoloqu Azər Maqsudov məlumat verib. 

 Deməli, paytaxtda insanların həyatına son verən koronavirusa “rəqib” çıxdı- saxta spirt. İndi insanlar daha diqqətli olmalı, həm sağlamlıqlarının qayğısına qalmalı, həm də özlərini saxta spirt alverçilərindən qorumalıdırlar. 
 
Saxta spirt “terror”u ilə bağlı “Sherg.az”a fikirlərini bildirən həkim-allerqoloq Şahvələd Məmmədov spirti içməyin qadağan olduğunu deyib:

“Kim deyir ki, spirt içmək üçündür?  Nə etil, nə də metil spirtini daxilə qəbul etmək olmaz. Amma, əlbəttə, metil spirtinin tərkibi düzgün olmadığına görə, o, həyat üçün daha təhlükəlidir. Bəzən insanlar spirti su ilə qarışdırırlar ki, faizi azalsın. Spirtlə suyun qarışığının orqanizmə daha böyük zərbə vurduğunu bilmək lazımdır. İranda 100-dən artıq insan saxta spirtdən zəhərlənib. Bu, ciddi göstəricidir. Həyəcan siqnalı çalmaq lazımdır”. 
 Ş. Məmmədovun sözlərinə görə, günah aptek işçilərində deyil: “Aptekçi nə etsin ki? Ona da dərmanlar hansısa şirkətdən və ya depodan gəlir. Ümumiyyətlə, dərmanların, tibbi vasitələrin keyfiyyətilə Səhiyyə Nazirliyinin Dərman bölməsinin  Analizator şöbəsi məşğul olur. Bu, çox böyük məsuliyyət tələb edir. Məsələ dəqiq müəyyənləşməli və ciddi tədbirlər görülməlidir”. 
 
Elə vətəndaşlar da var ki, dezinfeksiya məqsədilə spirtli içkidən istifadə edirlər. Onlar bununla virusdan uzaq qalacaqlarını düşünürlər. Həkimin fikri isə fərqlidir:

“Spirtli içki insanın sinirlərini boşalda, psixoloji cəhətdən müsbət təsir edə bilər. Ancaq “spirtli içki infeksiyadan qoruyur” fikri kökündən səhvdir. Əksinə, nəticədə immunitet zəifləyir. Məsləhət görərdim ki, isti yeməklərə və isti çaya üstünlük verilsin. Bir də hər gün soda ilə isti suyu qarışdırıb içmək lazımdır. Çünki soda immun sisteminin pozulmasının qarşısını alır”.