Şeyx: Bu gün evinə çörək apara bilməyənlər var

Bu gün elə insanlar var ki, evlərinə çörək gətirə bilmir. Belə insanlara kömək etmək lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Real TV-nin “Mir Şahin vaxtı” verilişinə müsahibəsində deyib.

O bildirib ki, kimsəsizlərə yardım etmək üçün dövlətimiz xüsusi qruplar yaradıb:

“Bu insanlar gedirlər kimsəsiz insanların, qocaların dərdlərini dinləyir, onlara yardım edirlər. İnsanlarımız da bu məsələdə dövlətimizə dəstək olmalıdır. Yəni biz də o insanlar vasitəsilə kimsəsiz insanlara dəstək olmalıyıq”.

Şeyx virusla mübarizədə ölkə başçısının fəaliyyətindən danışıb:

“Ölkə başçımız ilk gündən məsələyə birbaşa özü nəzarət edir. Bunun bariz nümunəsi digər ölkələrə nəzərən ölkəmizdə itkilərin az olmasıdır. Bizim qonşu dövlətlərimizə baxanda Azərbaycanda itkilərin sayı çox azdır. Mən bununla fəxr etmirəm ki, digər ölkələrdə itki sayı çoxdur, bizdə az. Yəni bunları görüb düşünmək lazımdır. Əlbəttə ki, bizim itkilərimizin az olmasında cənab Prezidentimizin səyləri böyükdür”.

Şeyx qeyd edib ki, insanlar Yaradan tərəfindən onlara verilən canı qorumaqla böyük savab qazanır:

“Bu gün Azərbaycan həkimləri bu virusa - düşmənə qarşı səngərin ön sıralarındadır. Bu gün başda həkimlərimiz olmaqla, yüksək vəzifəlidən ən aşağı vəzivəli şəxsə qədər, kimlər ki mübarizə aparır, onlar çox savab iş görür. Hətta mən deyərdim, bu yolda canından keçən şəxslər şəhadət mərtəbəsinə layiqdir. Şəhid olmaq yalnız müharibədə, cəbhədə olmur. İnsanlar üçün mübarizə aparan, vuruşan həkimlər, sadə insanlar da şəhadətə layiqdir. Bu gün hər bir insan öz canını qoruması savab işdir. Çünki bu can bizə əmanətdir və onu qorumalıyıq. Digər tərəfdən başqalarının canını qorumaq üçün iş görən, bu yolda həlak olanların savabı daha böyükdür”.