"Yoluxanların sayı sıfıra endikdən sonra xüsusi karantin rejimi ləğv ola bilər" - Professor

 "Görülən tədbirlərin yalnız bir məqsədi var. O da insanların sağlamlığını qorumaqdır”

Karantin rejimi ilə əlaqədar xüsusi tədbirlər davam edir. Vətəndaşların sağlamlığı üçün müəyyən işlər görülməkdədir. Televiziyalarda, sosial şəbəkələrdə müxtəlif video-roliklər, şüarlar səslənir.

Buna baxmayaraq, rejiminin nə zaman bitəcəyi vətəndaşları ən çox düşündürən məsələlərdən biridir. Təəssüf ki, karantin rejiminə əməl etməyən vətəndaşlar da var.

İqtisad elmləri doktoru, professor, millət vəkili Rüfət Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, hazırda vətəndaşları narahat edən əsas məqam mövcud məhdudiyyətlərin nə zaman aradan götürüləcəyidir.

“Hər kəs birmənalı olaraq bilməlidir ki, gündəlik infeksiyaya yoluxanların sayı sıfıra endikdən sonra xüsusi karantin rejimi ləğv ola bilər. Xəstəxanalarda yatanların sayı minimuma enməlidir. 1 həftə-10 gün keçəndən sonra isə dövlət müəyyən qədər məhdudiyyətlərin yumuşalması üçün addımlar atacaq. Təbii ki, bütün bunlar proqram şəklində olmalıdır.
Karantin dövründə əksər iş yerləri fəaliyyətini müvəqqəti dayandırdı. Hər dəfə gün ərzində mənə onlarla zəng gəlir. Həmin şəxslər aztəminatlı insanlardır. Onlar yaranan durumla əlaqədar yaşadıqları problemlə bağlı hara müraciət etməli olduqlarını soruşurlar. İnsanlarımız bilməlidir ki, dövlət nə üçün bu addımları atır. Görülən tədbirlərin yalnız bir məqsədi var. O da insanların sağlamlığını qorumaqdır”.

Deputat qeyd edib ki, dövlətimiz addım atmasaydı, çoxlu sayda insan virusa yoluxa, infeksiyanın yayılma sürəti 10 dəfələrlə çoxala bilərdi:

“Hazırda Avropa ölkələrində vəziyyət gərgindir. Səhiyyə sturukturları çatdıra bilmir. Çünki pandemiyaya qalib gəlmək üçün iqtisadi gücdən əlavə səhiyyənin qüdrəti də lazımdır.
Mənə Nyu - York xəstəxanasının baş həkiminin rəsmi açıqlamasın verdilər. Həmin həkim qeyd edir ki, yalnız və yalnız karantin rejiminə əməl etmək lazımdır. Dövlət bütün addımları atır ki, yoluxucu infeksiya sürətlə artmasın. Ölkəmizdə gün ərzində yeni infeksiyaya yoluxmuş insanlar aşkar olunursa, bəlkə də onların bir hissəsi rəsmi qeydiyyata düşür. Amma elə xəstələr var ki, onlar yoxlanılmayıb. İnsanlarımız inanmalıdır ki, cənab Prezident bütün addımları atır ki, pandemiyanın qarşısı alınsın. Problemin dərinləşməməsi və səhiyyə ocaqlarımıza yük düşməməsi üçün işlər görülür. Aparıcı dünya ölkələrindən olan İspaniya, İtaliya, Fransa, Almaniya, Amerikada səhiyyə sistemi çökdü. Çünki səhiyyə ocaqları çatdıra bilmirlər, insanların virusa yoluxması elə sürətlə artır ki, qabağını almaq çox çətin olur. Əlbəttə, Azərbaycanın bu duruma gəlib çıxmaması üçüm cənab Prezident əlindən gələni edir.
Ümumiyyətlə dövlətimiz öncədən tədbirlərini görür. Bu, düzgün siyasətdir. Karantin ən azı 20 gün olmalıdır. 20 günün içində bilinəcək ki, ciddi təhlükə var, ya yox. Təəssüf ki, bu xəstəliyin digər qrip növlərindən fərqi ondan ibarətdir ki, sürətlə yoluxur. Nəticədə bir nəfər adam gün ərzində 200-300 adamı yoluxdura bilər. Ona görə də dövlətin gördüyü tədbirlərə əməl etmək, birlik nümayiş etdirib diqqətli olmaq lazımdır”.