Karantin rejimi: İnsanlar özlərini nə ilə ovudur? - SORĞU

İnsanlar darıxır- Koronavirus nə vaxt bitəcək?

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejimi elan olunub. Artıq bir neçə həftədir ki, insanlar nəinki işə, dərsə gedir, çoxları ümumiyyətlə, evdən çölə çıxmağa da cəsarət etmir.

Biz indi hər gün təkrarladığımız rutinlərdən, vərdişlərdən ayrı qalmağa məhkumuq. Amma gözümüz yolda, qulağımız səsdədir... Pandemiyanın bitəcəyi günü gözləyir, xoş xəbərin intizarı ilə evdə vaxtımızı keçirməyə çalışırıq. Şəhər sakinləri arasında apardığımız sorğu zamanı  vətəndaşların cavablarında dərin bir nostalgiya, kədər hiss olunur:

Güney Firudunbəyova, BDU Jurnalistika fakültəsinin müəllimi:



"Martın 3-dən etibarən evdən çölə çıxmadığıma görə valideynlərim, bacım üçün darıxmışam. Az qala, hər gün üz tutduğumuz İçərişəhərə, kitab evlərinə də çoxdandır, gedə bilmirik. Amma onu da deyim ki, mən işlədiyimə görə ancaq şənbə, bazar günü övladımla vaxt keçirə bilirdim. İndi isə hər gün övladımın dərsləri ilə maraqlanır, onunla maraqlı oyunlar oynayırıq. Bunun yerini heç nə verə bilməz". 

Şahanə Müşfiq, "525-ci qəzet"in əməkdaşı:



"Sosial izolyasiya günlərini hamı kimi mən də evdə keçirirəm. Məncə, elə ən doğrusu da budur. Çünki bu gün bizdən bir xalq olaraq, vətəndaş olaraq məsuliyyət tələb olunur, biz də bu məsuliyyətimizi anlayır və yerinə yetiririk. 
Evdə qalmağıma baxmayaraq, işsiz qalmıram. "525-ci qəzet"in oxucuları bilirlər, yəqin ki, qəzetimiz müvəqqəti olaraq dərc olunmasa da, "525.az" saytı oxucularının ixtiyarındadır. Mən də hər gün bir neçə yazı, müsahibə və sorğularla saytda oxucularımızın görüşünə gəlirəm. Demək olar ki, günümün böyük hissəsi müsahibə almaq, sorğu aparmaq, araşdırma etmək və bunları yazıya köçürməklə, qısaca, işləməklə keçir. Bununla yanaşı, kitab oxuyur, filmlər izləyir, dissertasiyam üzərində işləyib, məqalələr yazıram. 
Düzünü deyim ki, darıxmağa elə də çox vaxtım yoxdur. Özümə də qəribə gələcək şəkildə çox işləyirəm. Ən çox darıxdığım yer, desəm ki, var, yalan olar, desəm ki, yoxdur, yəqin yenə yalan olar. Redaksiyamız üçün darıxmışam, onu da evdə işləyərək və saytda çıxan hər yeni yazıma sevinərək ovuduram. Ondan başqa isə dilimizda Tarqovu dediyimiz, yəni Nizami küçəsində gəzmək və teatrlara getmək üçün darıxmışam. Doğrudur, teatrlar onlayn şəkildə repertuarını davam etdirir, Mədəniyyət kanalı yayımlayır, amma anladım ki, teatr canlı ünsiyyət sənətidir və teatrsız mənə çox çətindir. İndi ən çox teatra qovuşacağım günü gözləyirəm, deyəsən.  Hər kəsə uğurlar arzulayır, ölkəmizin tezliklə bu bəladan ən az itkiylə qurtulub hamılıqla normal həyata qayıtmağı diləyirəm". 

Qasım Xuluflu, tələbə:



"Koronavirusun yayılmasının qarşısını almaq üçün ölkəmizdə karantin vəziyyəti tətbiq edilir. Bu səbəbdən də bu günlərdə insanların sıx toplaşdıqları yerlərə getmirəm. Belə olduğu halda həm özümün, həm də ailəmin  xəstəliyə yoluxmasının qarşısını almış oluram. Universitetlərdə tətillər başlayandan rayondayam. Bakıdan fərqli olaraq burada insanlar elə də sıx toplaşmırlar. Hərə öz təsərrüfatı ilə məşğul olur. Mən də boş vaxtlarımda mütaliə  edirəm və təsərrüfat işlərində ailəmə kömək oluram. Ailəmdən uzaqda təhsil aldığıma görə bu günlərdə vaxtımın çoxunu onlarla keçirməyə üstünlük verirəm".

Günel Abbas, tələbə:



"Sevə-sevə getdiyim yerlərdən də, istəməyərək getdiyim yerlərdən  ötrü də darıxıram. İnsan belə günlərdə ona bəxş edilən hər bir şeyin dəyərini daha yaxşı başa düşür. Oturub fikirləşirəm ki, biz əslində nə qədər xoşbəxt imişik. Elə bil, qorxu filminin ortasına düşmüşük. Hazırda mütəmadi olaraq evdəyəm.  Ancaq yazılar yazıb müsahibələr hazırlamaqla məşğulam. Arada qalan vaxtlarımda  kitablar oxuyuram. Maraq dairəmdə olan bütün filmlərə də baxmışam. Ona görə də arada boş vaxtlarımda başımıza gələn bu hadisələri düşünürəm. Düşündükcə də özümü ya yuxuda hiss edirəm, ya da elə bilirəm ki, indiyə qədər yaşadığım həyat gözəl bir röya imiş, bu hadisələr zamanı oyanmışam. Ən çox  Jurnalistika fakültəsinin kollektivi və "525-ci qəzet"in redaksiyasındakı iş mühiti üçün darıxıram. Hər gün dua edirəm ki, tezliklə o günlərimizə qayıdaq. Yenə Bakıda insanların qaynadağı füsunkar məkanlardan reportajlar yazaq...