“Qaydalardan kənara çıxmaq cinayətdir” - Göstərişlərə əməl edin!

 “Bəzən insanlar infeksiyaya yoluxduqlarını bilmirlər. Nəticədə çəkinmədən digərləri ilə təmasda olub xəstəliyi yayırlar”


Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayı artıb. Aprelin 4-nə olan məlumata görə, bu göstərici 555-ə yüksəlib. Testlərin sayının çoxaldılmasının, xarici ölkələrdən tibbi laboratoriyaların gətirilməsinin infeksiya daşıyıcılarının sayının müəyyənləşməsində mühüm rolu var. Əgər ilk günlər ölkədə 200-300 test keçirilirdisə, artıq 35 mindən çox test aparılıb.  İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alıb. Xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə test aparılır. Son bir həftə ərzində keçirilən testlər xaricdən gələn çoxlu sayda insanda yoluxma faktını təsdiq edir.  İlkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. Amma indiki halda həm də ölkə daxilində insanların bir-birini yoluxdurması halları qeydə alınır. 

Məsələ ilə bağlı "Sherg.az"a fikir bildirən həkim, Azərbaycan Demokrat Partiyasının Sədri, siyasətçi Sərdar Cəlaloğlu yoluxanların sayının müəyyənləşməsinin müsbət nəticə olduğunu söyləyib:
"Əvvəla, onu deyim ki, vətəndaşlar məsuliyyətsizdirlər. Hökumətin göstərişlərinə birmənalı şəkildə əməl etmək lazımdır. Qaydalardan kənara çıxmaq faktiki cinayətdir. Amma etiraf etməliyik ki, bəzən insanlar infeksiyaya yoluxduqlarını bilmirlər. Nəticədə çəkinmədən digərləri ilə təmasda olub xəstəliyi yayırlar. Ona görə də testlər aparılmalıdır ki, daşıyıcıların sayı dəqiq müəyyənləşsin və həmin insanlar karantinə alınsınlar. Daxili yoluxmaların olması pisdir. Çox sərt məhdudiyyətlər tətbiq edilməlidir".