Deputatdan xüsusi ÇAĞIRIŞ: “Daha həssas, daha məsuliyyətli olun!”


“Tərtərdə hərbiçilərimiz də var ki, onların bu virusa yoluxmalarına imkan verməməliyik. Virusu yayan biz insanlarıq”




Millət vəkili Sahib Alıyev növbəti dəfə tərtərlilərə müraciət edib.

"Sherg.az"ın xəbərinə görə, deputat sosial şəbəkə üzərindən rayon sakinlərini diqqətli olmağa səsləyib. 

S.Alıyev tərtərlilərə üçüncü çağrışında bunları deyib: 

"Doğma tərtərlilər, siz ötən əsrin 90-cı illərinin o qanlı-qadalı günlərində təkcə qəhrəmanlığınzla yox, həm də ayıq-sayıq davranışınız və az sonra bildirəcəyim daha bir neçə müsbət keyfiyyətlərinizlə fərqləndiniz. Biz indi də sınaq qarşısındayıq. Bundan öncə də vurğulamışdım və başqa ölkələrin də təcrübəsi göstərir ki, indi qarşılaşdığımız COVİD-19 adlı koronavirus zərər yetirmək, can almaq potensialı baxımından 90-cı illərin əvvəllərində torpağımızı işğal edən, etnik təmizləmə siyasəti yeridən düşməndən- geosiyasi viruslardan daha təhlükəlidir.  



Hazırda bu virus üzərində qələbənin ən doğru, effektli yolu ona yoluxmamaq və başqalarını da yoluxdurmamaqdır. Onun üçün də bu günlərdə hamı bir nəfər kimi  dövlətimiz adından irəli sürülən bütün tələblərə əməl etməli, kimlər evdə qalmalıdırsa evdə qalmalı, işləmələri gərəkənlər isə virusa yoluxmamaq üçün tövsiyyə olunan qaydalar çərçivəsində davranmalıdırlar.  

Tərtərlilər bu məsələdə digər soydaşlarımızdan daha həssas, daha məsuliyyətli olmadırlar. Öncə də dediyim kimi orada hərbiçilərimiz də var ki, onların bu virusa yoluxmalarına heç cür imkan verməməliyik. Unutmamalıyıq ki, virus öz-özünə yayılmır, onu yayan biz insanlarıq.
Mən sosial şəbəkədəki  videolarda gənclərimizin, hətta balaca uşaqlarımızın belə “Evdə Qal” çağırışlarını izləyir, inanmaq istəyirəm ki, 90-cı illərin əvvəlində və 2016-cı ilin aprelində bir addımlıqlarında ağır döyüşlər gedərkən tərtərlilər necə birlik, mətnlik, soyuqqanlılıq sərgiləmişdilərsə, yenə də o cür hərəkət edəcəklər".

Deputat vurğulayıb ki, Tərtər camaatı ötən əsrin 80-ci iilərinin axırı, 90-cı illərin əvvəllərində həm də qaçqın və köçkünlərimizə göstərdikləri xeyirxahlıqları, yardımsevərlikləri ilə iz qoydular: 

"İnanıram ki, yenə də bütün bu müsbət keyfiyyətlərininizi göstərəcək, tanıdıqlarınız, əliniz çatanlar arasında çətinliklərlə üzləşənlərə bacardığınız yardımları əsirgəməyəcəksiniz. Bu il həcc ziyarətləri bəlli səbəbdən baş tutmayacaq dindarlarımıza bildirirəm ki, fikrimcə, indi din yolunda ən böyük xidmət  məhz yardıma ehtiyac duyanların dadına çatmaqdır. Hazırda Bakıda olan, müxtəlif səbəblərdən rayona dönə bilməyən tərtərlilərdən xahişim budur ki, hər hansı bir çətinliklə üzləşdikləri halda mənə xəbər etsinlər. Dövlətimizə gəldikdə xarici medianı ardıcıl izləyənlər bilirlər, Azərbaycan koronavirusun vurduğu və vura biləcəyi zərərləri mümkün dərəcədə azaltmaq üçün sistemli tədbirlər görən bir dövlət olaraq digərlərinə örnək göstərilir. Bir neçə dövlət qurumu hazırda çoxlu sayda müəssisə və şirkətlərinin dayanması səbəbindən çətinliklərlə üzləşən sahibkarlara, işlərini itirənlərə, sosial baxımdan həssas təbəqənin bütün təmsilçilərinə yardım proqramı üzərində işləyir. Bildiyimə görə artıq onun reallaşmasına sayılı günlər qalır. Bunun üçün bir milyard manat vəsait ayrılıb, lazım gəldiyi halda yəqin yenə də ayrılacaq. Çünki  Azərbaycan dövləti, dövlətimizin başçısı cənab İlham Əliyev fors-major hallarda həmişə çətinliklərlə üzləşən vətəndaşların yanında olub, onlara sözün hər anlamında yiyə durub, dardan çıxarıb. Bir daha vurğulayıram ki, dövlətimiz iş yerini itirməsi və digər səbəblərdən çətinliklərlə üzləşən vətəndaşına yenə də yiyə duracaq. Çox yaxın günlərdə biz bunu görəcəyik".